AZ

“Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın qarşısının alınması deyil, davam edilməsi istiqamətində addımlar atılır” - Politoloq

Ötən həftə Rusiya-Ukrayna müharibəsinin 800-cü günü tamam oldu. Rusiya Kiyev hakimiyyəti NATO-dan imtina edəcəyinə qədər döyüşəcəyini bildirir. Ukrayna da bildirib ki, işğal olunan əraziləri azad edənə qədər dayanmaq fikrində deyil. Tərəflərdən heç biri iddialarından geri çəkilmək istəmir. ABŞ və Qərb ölkələri hələ ki, Ukraynanı silah-sursatla, texnika ilə təchiz edir. Bundan başqa, mətbuatda Fransanın Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərdiyi barədə məlumatlar yayılıb. Məlumata görə, onlar 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.

Ukraynaya göstərilən hərbi yardım nə vaxta kimi davam edə bilər? Müharibənin başa çatmaq ehtimalı ilə bağlı vəziyyət necədir?

Politoloq Əlimusa İbrahimov Herbiand.az-a bildirib ki, Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının Ukraynaya ciddi maliyyə və hərbi sursat ayırmaları bunu deməyə əsas verir ki, müharibəni sifariş verənlər və onun arxasında dayananlar hələ ki, qarşıdurmanı dayandırmaq haqqında düşünmürlər:

“Ukrayna isə burada istifadə olunan tərəfdir və onun verilən əmri icra etməkdən başqa çıxış yolu yoxdur. Diqqət yetirək: Ukrayna ordusu Qərb ölkələri və ABŞ tərəfindən silah-sursatla təchiz olunur, Ukrayna hökumətinin fəaliyyəti üçün maliyyə ayrılır. Son məlumatlara görə, cəbhədə döyüşləri koordinasiya etmək üçün NATO qüvvələri də Fransa qoşunları qismində iştirak edir.  Deməli, Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanın qarşısının alınması deyil, davam edilməsi istiqamətində addımlar atılır. Belə olan halda, müharibənin başa çatması haqqında danışmaq mümkündürmü? Təbii ki, yox. Məlum olduğu kimi, Avropa ittifaqının ardınca Amerika Birləşmiş Ştatları da 6 ay çək-çevirdən sonra 61 milyardlıq yardım paketini Ukraynaya təqdim etdi. Amma bu vəsaitin Rusiyaya qarşı tam həcmli müharibə aparmaq üçün kifayət etməyəcəyini Ukrayna Prezidenti Vladimir Zelenski elə yardım ayrılması xəbəri elan olan kimi verdi. Ukraynadan və beynəlxalq beyin mərkəzlərindən verilən hesablamalara görə, bu il ayrılan vəsait 2024-cü ilin sonuna qədər Ukraynaya kifayət edə bilər. Bu da sadəcə Rusiyanın genişmiqyaslı hücumunun qarşısını almaq üçün yetərli olacaq. Yəni, Ukraynanın sənaye və hərbi obyektləri və enerji sektorunu təqdim olunan silahlar vasitəsi ilə düşmənin raket və dronlarından sadəcə qorumaq mümkün olacaq. Hazırda isə Ukrayna cəbhəsində vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. Rusiya ordusu Donbassda Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa müvəffəq olub, Xarkovu atəşə tutur və bütün Ukraynanın enerji obyektlərinə zərbələr endirir. Rusiya qüvvələrinin Oçeretino kəndi ərazisinə hücumu hələ çox dərin irəliləyişə çevrilməyib. Lakin bu, bir tərəfdən Ukrayna ordusunun yorğunluğunu, digər tərəfdən isə artan hərbi əməliyyatları nümayiş etdirir. Bütün bunlar onu deməyə əsas verir ki, NATO ölkələri hələ ki, Ukraynanın Rusiyaya qarşı hücuma keçməsində maraqlı deyillər”.

Politoloqun sözlərinə görə, əvvəlki illərin acı təcrübəsi onları Rusiya ilə münasibətdə daha ehtiyatlı olmağa məcbur edir:

“Ukraynaya təqdim olunan silahların xarakteri də onların hücumdan daha çox müdafiə üçün istifadə oluna biləcəyinə işarə edir. Belə olan surətdə Ukrayna nə zaman hücuma keçərək Rusiyanın işğalı altında olan torpaqlarını azad edəcək? Qeyd olunduğu kimi, Avropa İttifaqı tərəfindən 4 il üçün ayrılan 50 milyard avro və ABŞ tərəfindən ayrılan 61 milyard dollar Ukraynanı 2024-cü ilin sonunadək idarə etməlidir. Yəni, bu məbləğ qarşısında Kiyev 2024-cü il ərzində Rusiyanın raket və dron hücumundan müdafiə olunmalı və eyni zamanda yerüstü hərəkatın qarşısını almalıdır. Bu gün NATO ölkələri və AB tərəfindən Ukrayna hərbi komandanlığının qarşısına qoyulan əsas vəzifə budur. Sonrakı yardımların xarakteri və miqdarı Ukraynanın bu vəzifəsinin öhdəsindən necə gələcəyindən və ilin sonuna qədər Rusiya ordusunun təchizatı səviyyəsindən asılı olacaq. Eyni zamanda qeyd edilməlidir ki, Qərb və ABŞ Ukrayna üçün 2025-ci ildə ayrılacaq vəsaitin mənbəyinin axtarışındadır. G7-nin iyunda keçiriləcək görüşündə bu məqsədlə 50 milyard dollar vəsaitin ayrılması məsələsi nəzərdən keçiriləcək. Verilən məlumatlara görə, bu məbləğin Rusiyanın Qərb banklarında olan depozitlərinə gələn faizlərdən tutulması qərarı alına bilər. Deməli, Rusiya-Ukrayna arasındakı müharibənin 2024-cü il ərzində başa çatması gözlənilmədiyi halda, 2025-də də döyüşlərin davam etdiriləcəyi şübhəsizdir. Amma 2025-ci ildə Ukraynanın yenə də passiv müdafiə vəziyyətində qalacağı və ya hücuma keçərək işğal altında olan torpaqlarını azad edəcəyi barədə proqnoz vermək mümkün deyil. Bu qeyd etdiyim kimi, Ukraynanın 2024-cü ildə əldə edəcəyi nailiyyətlər və Rusiya ordusunun vəziyyətindən asılı olacaq”.

Əlimusa İbrahimov qeyd edib ki, 2024-cü ilin nəticələri Ukrayna üçün uğurlu hesab olunarsa, Qərb Ukrayna ordusunu daha fərqli hücum silahları ilə təchiz edərək müdafiə-hücum metodundan istifadə edəcək:

“Yəni, Ukrayna Rusiyanın hücumlarını dəf edərək eyni zamanda, özü də imkan daxilində hücuma keçə bilər. 2025-ci ilin hibrid taktiki gedişlər formasında davam edəcəyini düşünürəm. Ukrayna ordusunun tam hücuma keçməsi və ya hücum əməliyyatına daha çox önəm verməsi 2026-cı ilə təsadüf edəcək. Nəzərə almaq lazımdır ki, Ukraynanın Rusiyaya qarşı uğurlu müharibə aparması üçün Qərb tərəfindən ayrılan silah-sursat və maliyyə vəsaiti kifayət deyil. Ukrayna ordusunda vuraşan hərbi hissələrin getdikcə zəifləməsi tendensiyası hiss olunur. Bunun qarşısını almaq üçün isə daha çox hərbçinin orduya çağırılması, rotasiya üsulunda istifadə edilməsinə keçilməsi zəruridir. Heç şübhəsiz, Ukrayna hərbi rəhbərləri bunu başa düşür, sadəcə nəzərdə tutduqlarını həyata keçirmək üçün zəruri ehtiyatları yoxdur. Fransanın Ukraynaya yardıma hərbçi göndərməsi bu boşluğu aradan qaldıra bilərdi. Amma düşünürəm ki, Makron bu çağırışları və məlumatları ilə blef edir. Çünki, NATO ölkəsi olan Fransa istədiyi vaxt istədiyi ölkəyə qoşun göndərə bilməz. Bu NATO ilə razılaşdırılmış şəkildə həyata keçirilməlidir. Əks halda, Fransanın özbaşına atdığı bu addım Rusiya-NATO qarşıdurması ilə nəticələnə bilər. Bunu da Şimali Atlantika alyansında heç kim arzulamır”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla