AZ

Ukrayna nüvə müharibəsi ərəfəsinə gəldi...

Image

Rövşən Məhərrəmov: ”Miqyasına görə, bu ən böyük nüvə təlimi olacaq. Bütün bunlar qorxulu addımlardı”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, qeyri-strateji nüvə silahı ilə keçiriləcək təlimlər Qərbin Ukraynaya qoşun göndərməyə hazır olması bəyanatları ilə bağlıdır.

O qeyd edib ki, söhbət Fransa Prezidenti Makronun, Böyük Britaniya və ABŞ nümayəndələrinin bəyanatlarından gedir. Onlar Ukraynaya hərbi kontingent göndərmək niyyətlərini ifadə ediblər: “Yəni NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyirlər”.

Onun sözlərinə görə, bu, gərginliyin artırılmasının yeni mərhələsidir və indiyədək görünməmiş xüsusi diqqət və əlahiddə tədbirlər tələb edir.

Peskov dolayısı ilə Ukraynanın müdafiəsinə qalxan Qərbi nüvə silahı ilə təhdid edir. Buradan hansı nəticələri çıxarmaq olar?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya rəsmisi Peskovun açıqlamasına bir neçə aspektdən yanaşmaq olar: “Bütün strateji və taktiki nüvə silahlarının arsenalı nəhəng ölkələrin daimi nəzarətindədir. Hətta onların yerinin dəyişilməsi belə məlum olur. Bundan əvvəl Təhlükəsizlik Şurasının katibi Medvedyev də dedi ki, Fransa Ukraynaya açıq yardım edərsə, biz nüvə silahından istifadəni nəzərdən keçirə bilərik. Bununla Rusiya ABŞ və Qərbi təhdid edir ki, onun üzərinə gəlməsinlər. Artıq Fransa canlı qüvvə ilə Ukraynaya yardım edir. ABŞ rəsmisi də dedi ki, lazım gəlsə, Ukraynaya canlı qüvvə ilə də yardım etməyə hazırdılar. Belə açıqlamalar Rusiya kimi ölkəni qıcıqlandırır. Rusiya dünyada ən çox nüvə silahına malik olan ölkədir. Putinin özü də açıqlama vermişdi ki, əgər Krıma hər-hansı təhlükə yaranarsa biz nüvə silahından istifadə edə bilərik. Ancaq gördük ki, Krım körpüsünə də zərbələr endirildi, Qara dəniz flotiliyası məhv edildi. Nədənsə, Rusiya nüvə silahına əl atmadı. Hesab edirəm ki, Rusiya bu üsulla özünü müdafiə edir. Qərb müharinənin dayandırılması istiqamətində heç bir addım atmır. Əksinə, prosesi uzadırlar. Rusiya nüvə təlimini keçirəcək. Bu artıq sayca Rusiyanın ikinci nüvə təlimidir. Krım körpüsü vurulanda Rusiya belə təlim keçirdi. Miqyasına görə bu ən böyük nüvə təlimi olacaq. Bütün bunlar qorxulu addımlardı. Rusiya nüvə silahının istənilən növündən istifadə etsə, buna cavab olacaq. Bunun da bütün bəşəriyyətə zərəri olacaq. Ukraynada vəziyyət Rusiyanın xeyrinə dəyişir. Qərb bunu görür və buna görə də ABŞ 41 milyard vəsait ayırdı. Əvvəl Ukraynaya dəstək gizli olurdusa, hazırda açıq edilir. Bu gün NATO qoşun hissələri Ukrayna ərazisində var. Mənə elə gəlir ki, Rusiyanın bu xəbərdarlığından ABŞ və Qərb ciddi nəticə çıxarmalıdır”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
49
Mənbələr
Şərh ()
Bağla