AZ

ABŞ səfiri Şuşadan Ermənistana və dünyaya hansı mesajları verdi...

Image

Bəhruz Quliyev: “Dünyaya bir çağırışdır ki, baxın, görün Ermənistan Azərbaycan ərazisində hansı vandallıqlar törədib”

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya və Füzuliyə getdi, hətta Şuşada olarkən Cıdır düzündən videomüraciət də yaydı.

Azad ərazilərə getmək üçün günü-günə satan, lakin sonra addım atan ABŞ səfiri Şuşada “Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər, nəhayət ki, baş tutdu. Qonaqpərvərliyinizə görə təşəkkür edirəm” - bəyanatını verdi. 

Bildirək ki,  bu, ABŞ səfirinin Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdikdən 4 il sonra həmin ərazilərə ilk səfəridir.

Şuşa səfərinin ardınca Füzuliyə gedən səfir Libbi  burada gördüklərindən təsirləndiyini dilə gətirib. Səfirliyin bu barədə yaydığı məlumatda “Füzulidə dağıntıların miqyasını, eyni zamanda, yenidənqurma işlərini görəndə çox təsirləndik.

Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib.

Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik”-deyə bildirilib.

ABŞ səfirinin Şuşa və Füzuliyə səfərləri dünyaya və Ermənistana nə kimi mesajlar ötürür?

“Səfirin mesajları da göstərir ki, bəli, artıq ABŞ azad olunmuş əraziləri Azərbaycan torpağı   olaraq tanıyır  və qəbul edir” 

SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev “Bakı-Xəbər”ə açıqlanmasında bildirdi ki, səfir Libbinin Şuşaya və Füzuliyə səfəri, səsləndirdiyi mesajlar özündə bir çox mətləbəri ehtiva edir. “Məlumdur ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşaya və Füzuliyə gedərək oradan bəzi fikirlər səsləndirib. O qeyd edib ki, Amerika-Azərbaycan münasibətləri yüksək səviyyədədir və  müstəqillik dövründə ABŞ Azərbaycana müxtəlif agentliklərin əli ilə kütləvi yardımlar edib”-deyə bildirən B. Quliyevin sözlərinə görə, ABŞ səfirinin mesajları təsadüfi xarakter daşımayıb: “Bu, ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə irəliləyişidir. Baxmayaraq ki, bütün dövrlərdə Amerika səfirliyi həmişə Azərbaycanın əlehinə fəaliyyət göstərib və antiazərbaycan qüvvələri özünə cəlb edərək onlara həmrəylik göstərib. Amma son dövrlərdə atılan addımlar göstərir ki, ABŞ səfirliyi fəaliyyətində redaktələr edərək onu müsbət istiqamətdə davam etdirmək istəyir. Səfirin mesajları da göstərir ki, bəli, artıq ABŞ azad olunmuş əraziləri Azərbaycan torpağı   olaraq tanıyır  və qəbul edir. Bunu diplomat özü də təstiq edir.

Mark Libbi Füzulidə olanda bildirdi ki, “Mən o torpaqlara baxdıqda ürəyim ağrıdı”. Görün, ermənilərin etdikləri vandallığı hətta ABŞ səfiri belə qəbul edə bilmir. Səfirin fikirləri Ermənistanın vandallığına bir işarədir və mesajdır. Dünyaya bir çağırışdır ki, baxın, görün Ermənistan Azərbaycan ərazisində hansı vandallıqlar   törədib.   

Xatırladım ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri və bu problemin həllini 30 il uzadan tərəf olub. Ən nəhayət, indi özləri etiraf edirlər ki, Ermənistan işğal və vandalizm siyasəti həyata keçirib” - deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
210
23
Mənbələr
Şərh ()
Bağla