Olaylar xəbər verir ki, bu barədə Yaponiyanın ətraf mühitin mühafizəsi üzrə müavini Yutaka Masuzava Bakıda keçirilən iqlim şəffaflığı məsələlərinə dair yüksək səviyyəli dialoqda bildirib.
Yutaka Masuzava Yaponiyanın "yaşıl" iqtisadiyyatın inkişafında böyük təcrübəyə malik olduğunu və dünya ölkələrini ekoloji tədbirlərdə şəffaflığın artırılmasında dəstəkləməyə davam edəcəyini bildirib.
"Təcrübəmizi paylaşmağa hazırıq. İqlim dəyişikliyi ilə bağlı şəffaflıq çox vacibdir. Təşəbbüslər həm BMT səviyyəsində, həm də milli səviyyədə vacibdir. Yaponiya 2 illik şəffaflıq hesabatını (BTR) hazırlayır və gələn il üçün iqlim məqsədlərini müəyyənləşdirir", - Masuzava əlavə edib.
Qeyd edək ki, 29-cu BMT İqlim Dəyişiklikləri Konfransının (COP29) sədri olaraq Azərbaycan bu gün "Bakı Qlobal İqlim Şəffaflığı Platforması"nı (Baku Global Climate Transparency Platform/BTP) təqdim edib.
"İqlim şəffaflığına dair Yüksək Səviyyəli Dialoq" zamanı COP29 prezidenti Muxtar Babayev bildirib ki bu platforma qlobal icmanı iqlim vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəffaflığı artırmaq məqsədini güdür.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.