EN

Mahir Emreli “Elversberq”ə qarşı 90 dəqiqə oynadı, “sarı” aldı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 15-ci turu çərçivəsində baş tutan “Elversberq”lə matçın iştirakçısı olub.

Nürnberqlilər səfərdə baş tutan bu oyundan məğlubiyyətlə ayrılıblar – 1:2. Mahir bu oyunda start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 52-ci dəqiqədə sarı vərəqə də alıb. Azərbaycanlı hücumçu bu oyunda başqa heç nə ilə fərqlənə bilməyib.

“Nürnberq” 15 oyuna topladığı 19 xalla hazırda 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 4 heç-heçə edib, 6 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını dekabrın 15-də səfərdə “Köln”ə qarşı keçirəcək.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 11 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Chosen
111
3
arena.az

10Sources