EN

Alessio Zerbin “Napoli”ni tərk etdi - “Venesiya”ya görə

İtaliyanın “Napoli” klubunun sol vingeri Alessio Zerbin bundan sonra A Seriyasının digər təmsilçisi “Venesiya”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Venesiya”nın mətbuat xidmətinə istinadən xəbər verir.

Sözügedən klub Zerbini “Napoli”dən bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Tərəflər arasındakı sövdələşmənin detalları açıqlanmır.

Alessio Zerbin futbola Milan “İnter”ində başlasa da, “Novara”, “Suno”, “Qossano” və “Napoli”nin futbol akademiyalarından da keçib. 2017-ci ildən “Napoli”nin sıralarında olan italiyalı forvard bu klubun əsas komandasında 27 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Zerbin “Venesiya”dan öncə “Viterbese Kastrense”, “Çezena”, “Pro Verçelli”, “Frozinone” və “Montsa” kimi klublarda da icarədə olub.

Alessio İtaliyanın U-18 yığmasında oynayıb, 2022-ci ildə isə ölkəsinin əsas millisində debüt edib. Amma o, həmin debütdən sonra əsas yığmada oynamaq şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı vingerin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

“Venesiya” mərkəz müdafiəçisi Corcio Altareni də “Sampdoriya”ya icarəyə verib. Genuya klubu 26 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Corcio Altare “Milan” və “Cenoa” klublarının yetirməsidir. O, karyerası ərzində “Alsano Seriate”, “Feralpisalo”, “Olbiya”, “Kalyari” kimi klublarda da forma geyinib. 2023-cü ildən “Venesiya”nın sıralarında olan müdafiəçi bu klubun forması ilə keçirdiyi 47 oyunda 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı müdafiəçinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Chosen
31
45
arena.az

10Sources