EN

70-dən çox məktəbdə bullinqlə mübarizə qaydaları tətbiq ediləcək -

"Bullinq məsələsi birdəfəlik həll olunacaq problem deyil. Nə qədər ki, məktəb və cəmiyyət var, bu problem də mövcud olacaq. Ancaq əsas məsələ onun mənfi təsirlərini minimuma endirməkdir. Sevindirici xəbər odur ki, 2024-2025-ci tədris ilində pilot məktəblərdə bullinqlə mübarizə tədbirləri çərçivəsində yeni sənəd tətbiq olunacaq və burada bullinqlə bağlı bütün məsələlər öz əksini tapıb".Metbuat.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev "Dəyişiklik səndən başlayır" - Ümumtəhsil məktəblərində bullinqlə mübarizə layihəsi ilə bağlı keçirilən tədbirdə deyib."Bununla yanaşı, 2020-ci ildə verilmiş əmrlə məktəblərdə psixoloq ştatı artırılıb. Hazırda 1000 nəfər şagirdə 1 psixoloq düşür, 3 minə qədər şagirdi olan məktəblərdə 2, 3 mindən çox şagirdi olan məktəblərdə isə 3 psixoloq fəaliyyət göstərir. Psixoloqların inkişafı üçün müxtəlif layihələr həyata keçirilir və dövlət qurumları, eləcə də digər təşkilatlar bu məsələdə maraqlıdırlar. Məktəblər də qrant layihələrindən faydalana bilirlər".Təhsil rəsmisi müasir dövrdə bullinqin yalnız fiziki və psixoloji formada deyil, həm də internet mühitində yayıldığını qeyd edib: "Müasir dövrün ən ciddi bullinq formalarından biri internetdən başlayır və bu, yeni trenddir. Bu istiqamətdə mütəxəssislərimiz maarifləndirilməlidir ki, bullinqin bu formasına da vaxtında müdaxilə edilsin. Ümumiyyətlə, bullinqin qarşısının alınması məsələsində konkret düstur yoxdur. Amma maraqlı yanaşmalar var. Onlardan biri də “gözə göz” prinsipidir. Əgər uşağımıza qarşı bullinq ediləndə biz də eyni üsulla cavab versək, bu, problemi həll etməyəcək. Bunun əvəzinə sevgi ilə yanaşmaq və uşaqlara düzgün mesaj vermək lazımdır", – deyə o bildirib.Qədiməliyev əlavə edib ki, bu tədris ilindən bullinqin qarşısının alınması üçün xüsusi qaydalar hazırlanıb və Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək təqdim ediləcək. Bakı şəhərindəki 70-dən çox məktəbdə bu qaydalar tətbiq olunacaq və bullinqlə bağlı bütün əsas məqamlar sənəddə öz əksini tapacaq.

Qeyd edək ki, tədbir Birbank, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Dərs evi Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Chosen
26
metbuat.az

1Sources