EN

1/8 finalda ya MS, ya da “Real” olmayacaq!

Yanvarın 31-də qitənin futbol ictimaiyyətinin diqqəti Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) pley-off mərhələsinin püşkatmasına yönəlmişdi. UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə iki avrokubokun liqa mərhələsindən sonrakı oyunlarındakı cütlər müəyyənləşdi.

Məlum olduğu kimi, qitə kuboklarında artıq qrup mərhələsi ləğv olunub və 8 qrupun əvəzinə vahid liqa mərhələsi tətbiq edilib. Komandaların sayı isə 32-dən 36-ya qədər artırılıb. Bu qədər iştirakçı 8 fərqli rəqiblə 8 oyun keçirib. ÇL-də ümumi turnir cədvəlində 1-8-ci yerləri tutanlar (Liverpul, Barselona, Arsenal, İnter, Atletiko, Bayer-04, Lill, Aston Villa) 1/8 finala vəsiqə qazanıblar. 9-24-cü yerləri tutanlar bu mərhələyə çıxmaq üçün iki matçdan ibarət pley-offda gücünü sınayacaqlar. 24-36-cı yerləri tutanlar isə avrokuboklarda mübarizəni başa vurublar.

Yeni reqlamentə əsasən, pley-off mərhələsində hər klub üçün 2 mümkün rəqibin adı əvvəlcədən bəlli idi. Püşkdə ədalət prinsipinin qorunduğunu qeyd etmək olar. Belə ki, liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədəkilər 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla qarşılaşacaqdılar. Püşkatmanın diqqəti cəlb edən digər yönləri eyni ölkə təmsilçilərinin və liqa mərhələsində qarşılaşan komandaların bir-birinə rəqib ola biləcəyi ilə bağlı idi. Maraq üçün pley-offun mümkün cütlərini nəzərinizə çatdıraq.

Monako/Brest - PSJ/Benfika
Sportinq/Brügge - Atalanta/Borussiya D
Seltik/Mançester Siti - Real/Bavariya
Yuventus/Feyenoord - PSV/Milan


İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15.00-da başlayan püşkatmada liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil etdilər. Gözlənildiyi kimi, MS – “Real” dueli diqqəti daha çox cəlb edən cüt oldu. Qeyd edək ki, AL-in pley-offunun püşkü də eyni qaydalar əsasında atıldı.

Çempionlar Liqası, pley-off
Monako (Fransa) – Benfika (Portuqaliya)
Brest (Fransa) – PSJ (Fransa)
Feyenoord (Niderland) – Milan (İtaliya)
Yuventus (İtaliya) – PSV (Niderland)
Seltik (Şotlandiya) – Bavariya (Almaniya)
Mançester Siti (İngiltərə) – Real (İspaniya)
Sportinq (Portuqaliya) – Borussiya (Dortmund, Almaniya)
Brügge (Belçika) – Atalanta (İtaliya)
İlk oyunlar fevralın 11-12-də, cavab görüşləri isə fevralın 18-19-da keçiriləcək.

Avropa Liqası, pley-off
Ferentsvaroş (Macarıstan) – Viktoriya (Plzen, Çexiya)
Portu (Portuqaliya) – Roma (İtaliya)
Alkmaar (Niderland) – Qalatasaray (Türkiyə)
Midtüllann (Danimarka) – Real Sosyedad (İspaniya)
Yunion (Belçika) – Ayaks (Niderland)
PAOK (Yunanıstan) – FKSB (Rumıniya)
Tvente (Niderland) – Bude/Qlimt (Norveç)
Fənərbaxça (Türkiyə) – Anderlext (Belçika)

İlk oyunlar fevralın 13-də, cavab görüşləri isə fevralın 20-də keçiriləcək.

Chosen
26
football-plus.az

1Sources