Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 29-ci turu çərçivəsində baş tutan “Darmştadt” ilə matçın iştirakçısı olub.
Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıblar – 1:0. Start heyətdə meydana çıxmış Mahir bu oyunun 90+3-cü dəqiqəsində əvəzlənib. Azərbaycanlı hücumçu 90-cı dəqiqədə aldığı sarı vərəqə ilə diqqət mərkəzinə düşüb.
“Nürnberq” 20 oyuna topladığı 28 xalla hazırda 18 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 8 qələbə qazandığı halda 4 heç-heçə edib, 8 oyunda məğlubiyyətə üzülüb.
“Nürnberq” növbəti matçını fevralın 8-də səfərdə “Maqdeburq”a qarşı keçirəcək.
Mahir Emreli 2024-cü il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 15 rəsmi matça çıxıb, 4 qol vurub, 1 assistlə yadda qalıb.
“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 51 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.