EN

Bölgələrdə həkim çatışmazlığı - Onları təqaüdə göndərməyin nə mənası var?

Bölgələrdə ciddi həkim çatışmazlığı var. Müşahidələr göstərir ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər də bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar.

Sözügedən məsələ parlamentdə də gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bəzi rayonlarda 100-dən artıq həkim və orta tibb işçisi çatışmır. Komitə sədrinin sözlərinə görə, problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər: "Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var?! Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu, absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?!”
Bəs görəsən, getdikcə kəskinləşən problemin həlli üçün hansı addımlar atıla bilər?

“Təyinat olarsa, həkim də gedib işləyər”

Ekspert Rasif Bağırov hesab edir ki, həkimlərin bölgələrdən uzaq düşməsi kadrların yerləşdirilməsi prosesindəki nöqsanlardan qaynaqlanır: “Problemi aidiyyəti qurumlar özləri yaradırlar. Sonra da məsələni həll etmək üçün “baş sındırırlar”. Əslində Azərbaycanda həkim sayı ilə bağlı problem yoxdur. Hətta bəzi ölkələrlə müqayisədə həkimlərin sayı daha çoxdur. Bizdə əsas problem yerləşdirilmə ilə bağlıdır”. Ekspert vurğulayıb ki, sovet dövründə də Azərbaycan Tibb Universitetinin ildə təxminən indiki qədər məzunu olub. Amma bölgələrdə həkim çatışmazlığı müşahidə edilməyib: “Çünki o dövrdə həkimlərə məcburi qaydada üç illik təyinat verilirdi. Hər kəs də gedib işləyirdi, yer boş qalmırdı. İndi Tibb Universitetini bitirən məzunların dövlət xəstəxanalarına işə qəbulu müsabiqə yolu ilə aparılır. Təyinat məsələsi demək olar ki, yoxdur. Əgər təyinat olarsa, həkim də gedib işləyər. Bölgələrdə həkimlərin maaşı pis deyil, dolanmaq olar”.

Bu say sürətlə artır

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin rəhbəri İlqar Hüseynlinin sözlərinə görə, hazırda demək olar ki, bütün rayonlarda həkimlərə ehtiyac var: “Ölkədə ciddi həkim qıtlığı mövcuddur. Sovet dönəmində tələbələr Tibb Universitetini bitirib dərhal ixtisas alıb həkim kimi fəaliyyətə başlayırdılar. Lakin indiki sistemdə rezidentura təhsili var, yeni ixtisasa yiyələnmə ilə bağlı problemlər var. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq bu da yoxdur. Eyni zamanda, həkimlərin normal əməkhaqqı təminatı da mövcud deyil. Çox təəssüf ki, müstəqillik illərində bu problem daha da dərinləşdi. Nəticədə digər ölkələr həkimlərimiz üçün daha cəlbedici oldu. Məsələn, son illərin statistikasına görə, yalnız Almaniyaya 2000-ə yaxın gəncimiz həkim kimi çalışmağa gedib. Bu say sürətlə artır. Problemin daha da dərinləşməməsi üçün həkimlərin əməkhaqqı artırılmalıdır. Rayonlara gedən ixtisaslı tibb işçilərinin mənzil təminatı yaxşılaşdırılmalı, onlara əlavə ödənişlər edilməldir. Bunlar olmasa, həkimlərimizi itirməyə davam edəcəyik”.

Chosen
35
publika.az

1Sources