EN

Kike Peres “Valyadolid”i “Venesiya”ya dəyişdi

İspaniyanın “Valyadolid” klubunun mərkəz yarımmüdafiəçisi Kike Peres bundan sonra “Venesiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi bu transferi 1 milyon avroya rəsmiləşdirib. 27 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Kike Peres “Rayo Valyekano”nun yetirməsidir. “Luqo”, “Serseda”, “Elçe” kimi klublarda da oynamış futbolçu 2018-ci ildən “Valyadolid”in sıralarında idi. İspan yarımmüdafiəçi La Liqa klubunun əsas komandasında 112 oyuna 7 qol və 8 assist müəllifi olub. O, İspaniyanın U-19 yığmasında da forma geyinib.

“Venesiya” islandiyalı hücumçusu Hilmir Rafn Mikaelssonu da Norveçin “Vikinq” klubuna satıb. İtaliya klubu bu satışdan 500 min avro qazanıb. 20 yaşlı forvard “Vikinq”lə 2028-ci ilin sonunadək anlaşıb.

Hilmir Rafn Mikaelsson 2021-ci ildə “Fyölnir”dən “Venesiya”ya keçmişdi. Gənc hücumçu İtaliya klubunun əsas komandasında meydana çıxdığı 2 oyunda 2 qol vurub. O, əvvəlki mövsümlərdə “Tromse” və “Kristiansund”da icarədə də olub. Mikaelsson İslandiyanın U-19 və U-21 yığmalarında da oynayıb.

Kike Peresi “Venesiya”ya satmış “Valyadolid” də heyətinə yeni futbolçular cəlb edib. İspaniya klubu Macarıstan yığmasının və “Keçkemet”in mərkəz yarımmüdafiəçisi Tamaş Nikitçeri heyətinə qatıb. 25 yaşlı macar futbolçunun transferi üçün 1 milyon avro ödəmiş “Valyadolid” onunla 2028-ci ilin 30 iyununadək anlaşıb.

Tamaş Nikitçer peşəkar karyerasına “Debretsen”də başlayıb. “Mako”, DEAC, PMFK kimi klublarda da oynamış futbolçu 2023-cü ilin yanvarından formasını geyindiyi “Keçkemet”də 39 oyuna 3 qol vurub, 1 assistlə yadda qalıb. O, 2024-cü ilin sentyabrında debüt etdiyi Macarıstan yığmasında 6 oyuna çxııb.

“Valyadolid” “Selta”nın qanalı mərkəz müdafiəçisi Cozef Aydunu da icarəyə götürüb. 29 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə çıxış edəcək.

Cozef Aydu Qananın “İnter Allies” klubunun yetirməsidir. İsveçdə “Hammarbü”nün, Belçikada “Fenk”in də şərəfini qorumuş futbolçu 2019-cu ildən “Selta”da çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 138 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

Aydu 2019-cu ildən oynadığı Qana millisində 17 oyun keçirib.

Chosen
61
arena.az

1Sources