2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili planlaşdırılır.Bəs sözügedən məktəbli avtobusları ödənişli olacaq?Bu barədə millət vəkili Ceyhun Məmmədov öz fikirlərini Metbuat.az ilə bölüşüb. O bildirib ki, Bakıda tıxaca səbəb olan məsələlərdən biri uşaqların danışması ilə bağlıdır:"Bir çox ailələr uşaqlarını məktəbə ya maşınla gətirirlər, ya da taksilərdən istifadə edirlər. İmkanlı ailələr hətta ayrıca sürücü və ya maşın tuturlar. Bakıda istənilən məktəbin qarşısında izdiham, avtomobil çoxluğunu görmək mümkündür. Bu da qeyd etdiyimiz kimi ümumi prosesə öz mənfi təsirini göstərir. Biz düşünməliyik ki, hansısa formada uşaqların məktəbə avtobusla gediş-gəlişi təmin olunsun. Bir var ki, məktəbdə 500 uşaq təhsil alır və ora 100 şagirdin iki nəfər valideyni öz uşağını daşıyır, görün, bu nə qədər tıxac yaradır. Əlbəttə, biz bütün məktəblərə avtobus ala bilmərik. Bu, böyük vəsait tələb edir. Ancaq nəqliyyat şirkətləri ilə, bu sahədə çalışan qurumlarla müəyyən danışıqlar aparmaq olar".
Millət vəkili qeyd edib ki, valideynlər hər ay sürücü, taksiyə verdikləri ödənişlə müəyyən bir rəmzi məbləğ ödəyərək uşaqların avtobusla məktəblərə getmələrini təmin edə bilərlər:"Yəni valideyn hər dəfə benzinə nə qədər pul verir, sürücüyə nə qədər pul verirsə, bunu qeyd etdiyimiz formada müəyyən ödənişlər və razılaşdırma əsasında həyata keçirə bilərlər. Hesab edirəm ki, bu effektiv bir məsələ olar. 30-50 maşının bir məktəbin qarşısında dayanmağındansa, daha az vəsait sərf edərək bu məqsədimizə nail ola bilərik və tıxacla bağlı problem də bir qədər azalar".Sevinc İbrahimzadə / Metbuat.az