EN

Markus Raşford “Aston Villa”ya, Con Duran “Əl-Nəsr”ə keçdi

İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Raşford bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Aston Villa”nın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub ingilis hücumçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Markus Raşford “Mançester Yunayted”in yetirməsidir. İngilis futbolçu 2016-cı ilin yanvarından “qırmızı şeytanlar”ın əsas komandasında çıxış edir. Raşfordun bu klubla müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Raşford cari mövsümdə “qırmızı şeytanlar” üçün bütün yarışlarda 24 oyun keçirib, 7 qol və 3 məhsudlar ötürmə ilə fərqlənib.

Markusun “Mançester Yunayted”in heyətində çıxışının ümumi mənzərəsi isə 426 oyun, 138 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

İngilis hücumçu “Mançester Yunayted”lə Avropa Liqasının (2016/2017), İngiltərə Kubokunun (2016, 2024), İngiltərə Liqa Kubokunun (2017, 2023), İngiltərə Super Kubokunun (2016/2017) qalibi olub. Raşford 2019/2020-ci və 2022/2023-cü illər mövsümlərində “Mançester Yunayted”də ilin futbolçusu seçilib.

Raşford 2016-cı ilin may ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 60 oyuna, 17 qol vurub və 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı ingiltərəli sol cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

“Əl-Nəsr” “Aston Villa”nın hücumçusu üçün 77 milyon avro ödədi

“Aston Villa”nın hücumçusu Con Duran isə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Nəsr”ə keçib. Ərəblər bu transfer üçün İngiltərə klubuna 77 milyon avro ödəyiblər. Kolumbiya yığmasının üzvü yeni klubu ilə 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb.

21 yaşlı kolumbiyalı futbolçu “Aston Villa”ya 2023-cü ilin əvvəlində 16,64 milyon avroya ABŞ təmsilçisi “Çikaqo”dan transfer olunmuşdu. O, bu mövsüm bütün yarışlarda meydana çıxdığı 29 matçda 12 qol vurub. Duranın “Aston Villa” karyerası bütövlükdə 78 oyun və 20 qoldan ibarətdir.

Con Duran daha öncə “Enviqado” və “Çikaqo”da çıxış edib. Kolumbiyanın U-17 və U-20 yığmalarında oynamış hücumçu əsas millidə 2022-ci ilin sentyabr ayında debüt edib. Gənc forvard indiyə qədər Kolubmiya yığmasında 15 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Chosen
14
arena.az

1Sources