Almaniya kanslerinin müavini və iqtisadiyyat naziri Robert Habek bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqında (Aİ) istehsal olunan mallara əlavə vergi tətbiq edərsə, Avropa ölkələri cavab verməyə hazırdır.
Editor.az xəbər verir ki, Habek bunu Almaniyanın Kölner Stadt-Anzeiger qəzetinin təşkil etdiyi tədbirdə çıxış edərkən deyib.
“Avropalılar olaraq cavab vergilərinə hazırıq. Amerikalılar bilməlidirlər ki, bu, çox pis alternativdir.Biz bunu amerikalılara açıqlayacağıq. Sizin də itirəcək bir şeyiniz var. Amma bu işə yaramasa, onların bizi manipulyasiya etmələrinə icazə verə bilmərik”,- o bildirib.
Habek Almaniya iqtisadiyyatının Avropanın ən kövrək iqtisadiyyatı olduğunu söyləyib.
Qeyd edək ki, Donald Tramp Brüsselin Vaşinqtonla davranışını əsas gətirərək Aİ mallarına idxal rüsumları tətbiq edəcəyini bildirmişdi. Dünən ABŞ prezidenti Kanada, Meksika və Çindən gələn mallara vergi qoyulması haqqında fərman imzalayıb. Aİ Trampın proteksionist siyasətə qayıdacağından və Aİ məhsullarına vergiləri yenidən artıracağından qorxur.
//Gülnarə Abasova, Editor.az