EN

MƏNİM ŞƏHİDLƏRİM("Həyat hekayələri" silsiləsindən)

III.Mənim qazilərim
Mən 20-ci Sahədə, Sürücülük məktəbinin yanında, Jurnalist binalarının qabağında yaşayıram. Yerdən ikiotaqlı darısqal mənzildir, 4 baş ailə qışda soyuqdan donur, yayda istidən soluruq. Allahın suyu həftədə bir dəfə gəlir, həyətin də ancaq adı var, bir ayaqyolu güclə yerləşir. Ayaqyolunun yanında iki nəfərlik oturacaq da var, özüm düzəltmişəm. Bu oturacaqda oturmağı, xəyala dalmağı, atalı-analı günlərimi xatırlamağı sevirəm...

Biz şəhərin mərkəzində, “Monolit”də yaşayırdıq. Atam tanınmış neftçi idi, bu mənzili dövlət ona vermişdi. Kişi 80-lərdə bacımın toyunu elədi və bu dünyaya əlvida dedi. Onu da deyim ki, mən atamın yolu ilə getmişəm, ixtisasca neftçi-mühəndisəm. Bakı ətrafında neft mədənlərinin birində mühəndis-geoloq işləyirdim. 90-larda müharibə başladı və məlum şüarda deyildiyi kimi, “Vətən məni çağırdı”... Mən könüllü cəbhəyə getdim, Qazaxdan Kəlbəcərə kimi ağır döyüş yolu keçdim. Kəlbəcərdə ayağımdan ağır yaralandım, neçə aylar qospitalda qaldım. Anam daim yanımda qaldı, faktiki olaraq, məni sağaltdı. 6 aydan sonra protez ayaqla evə qayıtdım. Amma ayağımı dizdən aşağı itirmişəm deyə, əlillik statusu ala bilmədim (bir ətək pul istəyirdilər)...

Burda mətləbə dəxli var deyə mətləbdən bir az uzaqlaşmaq, bir haşiyə çıxmaq istəyirəm. Ayağını dizdən yuxarı itirmək pisdir, lap pisdir... Ayağın dizdən aşağı kəsilməsi yaxşıdır, protez taxılanda heç hiss olunmur. Ayağın dizdən qatlanır, rahat gəzmək, oturub-durmaq olur. Bir az enli şalvar geyirsən və kef edirsən... Hətta şəhərə çıxmaq, xoşun gələn qıza yaxınlaşmaq və söz demək olar... Ayağını dizdən yuxarı itirəndə isə... Doğrudur, əməliyyat edirlər, hətta babat (yüngül, rahat) protez də verirlər. Amma nə olsun ki, ayağın dizdən qatlanmır və rahat gəzmək olmur, əsa ilə güclə yeriyirsən. Mən də şəhərə çıxmaq, gözəl qızlara baxmaq istəyirdim... Nə isə,..

Anam məni öz qohumu ilə evləndirdi, ilkimizə ğz adını verdi və atamın yanına getdi. Atamın yüksək pensiyası (anam alırdı!) da kəsildi. Cəbhədən şikəst qayıtdığıma görə köhnə işimə də bərpa oluna bilmədim. İki körpə uşaq, yoldaşım da işləmirdi – təsəvvür edirsinizmi?! Birtəhər dolanmaq üçün “Monolit”dəki 3 otaqlı mənzili babat qiymətə satdıq və Əhmədlidə 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 3 otaqlı mənzil aldıq. 10 il atamın mənzilinin pullarını yedik, iki qızımız da 10 yaşına çatdı. Və yaxşı günün ömrü az olar deyirlər - pullar qurtardı. Mən də bekar dayanmadım, 10 il iş axtardım, amma tapmadım. Bəlkə atamın adını versəydim, bağlı qapılar açılardı, mənə babat bir iş tapılardı. Amma atamın adını çəkməyə, özümü bu vəziyyətdə göstərməyə utandım... Əlimdən hər iş gəlir, “Vosmoya” Qul bazarına gedirdim, arabir evə 5-3 “şirvan” gətirirdim. Amma yaralı ayağımdan ağrılar başladı, qanqrena açıldı, dizdən yuxarı kəsdilər. Doğrudur, əlillik statusu ala bildim, amma iş qabiliyyətini tamam itirdim... Əsa ilə güclə gəzirdim...

90-ların axırlarında Əhmədlidə 1-ci mərtəbədə küçəyə baxan mənzillərin qiyməti qalxdı, imkanlılar alıb yerində obyekt tikirdilər. Biz də 3 otaqlı mənzilimizi satıb yeni Günəşlidə 9 mərtəbəli binanın 1-ci mərtəbəsində 2 otaqlı mənzil aldıq. Mən dediyim kimi, iş qabiliyyətimi itirmişdim, əsa ilə çətin gəzirdim. Qızlar böyüyürdü, pulumuz qurtarırdı, repetitor yanına göndərə bilmirdik. Qızlar da orta məktəbi qurtardılar, evdə qaldılar. Kasıbın qızını kim alar?! Qərəz, yeni əsrin 1-ci onilliyini birtəhər yola saldıq, Yeni Günəşlidəki evimizi dəyər-dəyməzinə satdıq. Ucuz ev axtzrışları bizi şəhərin o biri tərəfinə, 20-ci Sahəyə gətirdi. Artıq 2-ci onilliyi yola və 3-cü mənzilin pullarını yelə vermişik... Arabir bacım kömək edir, rayondan bizə sumka-zad göndərir...

İşləyə bilmirəm, əlillik pensiyası da dörd baş ailəyə yetmir, bəzən evdə dişə dəyəsi bir şey gözə dəymir... Arvadın, qızların üzünə baxa bilmirəm, bu fani dünyadan köçmək istəyirəm. Evimizdən bir az aralı Səlyan yolu keçir. Arabir əsa ilə bu yola qədər gedirəm, dənizin sahili uzaqdır - gedə bilmirəm. Bu yolda fikrimi həyata keçirmək, atamın-anamın yanına getmək istəyirdim. Səhər-səhər bu yolda maşın çox olur, işıqforlara baxmayaraq, sürətlə gedirlər. Mən də əsanı işıq dirəyinə dirəyib səbrlə dayandım, qarşıdan gələn qara maşının qabağına tullandım. Sürücü cavan oğlan idi, cəld tərpəndi, qarşı yola keçdi, qarşıdan gələn maşınla kəllə-kəlləyə gəldi. Səs-küy, aləm bir-birinə dəydi, elə bildim ki, dünyanın axırıdır. Tez əsamı əlimə aldım, axsaya-axsaya aradan çıxdım. Axı, yuxarıda dedim ki, bir az utancaq adamam...

Mən yalnız utancaq deyiləm, həm də tərs adamam. Başıma bir fikir girdisə, çəkiclə da vurub çıxarmaq mümkün deyil. Əgər mən bu fani dünyanı tərk etmək istəyirəmsə, deməli etməliyəm. Səlyan yolunda faciə ilə nəticələnən yol qəzası məni yolumdan döndərə bilməzdi. Bizim 20-ci Sahə dairəsində bir “Zoomağaza” var, burda çox şey satılır. Əsamı əlimə aldım, yolumu bu mağazadan saldım, “siçan dərmanları”na baxdım. Qırmızı rəngli uzunsov paket diqqətimi cəlb etdi. Üstündə ingiliscə (danışmasam da, oxuyuram) yazılmışdı ki, bir buğda dənəsi bir siçanı öldürür. Paketdə yüzlərlə buğda dənəsi olardı, evdə “yarım” arağım da yatırdı. Hava isti olduğundan evdə adam yoxdu. Fürsətdən istifadə etdim, arağı elə butulka ilə başıma çəkdim. Hərəsi bir siçan öldürən qırmızı buğda dənələri ilə “zakuska” etdim, bütün paketi yedim, bütün arağı içdim. Məni yuxu tutdu, divana yıxıldım... Sonrası yadıma gəlmir...

Səhər yuxudan gec ayıldım, ürəyim bulanırdı. Qızlar mənə baxdı güldü, arvad da dedi ki, kişi, çox yatmısan, üz-gözün də şişib. Nə isə,.. Bizim 20-ci Sahə dairəsində Ramazanın mağazası var, “1001 xırdavat” adlanır. Yolumu burdan saldım, bir yumaq ağ kəndir aldım. Evə qayıtdım, gözlədim, arvad-uşaq gedəndən sonra işə girişdim. Bizim evin qabağı qonşunun ikimərtəbəli imarətinin arxasına baxır. Bizim arvad deyir ki, bu, işığın, havanın qabağını kəsmək üçündür. Bilmirəm, biz bura köçəndə bu divar vardı, amma indi mənim işimə yaradı. Binanın 1 və 2-ci mərtəbələri arasında beton pltələr qoyulmuşdu, bəzi armaturlar biz tərəfə çıxmışdı. Evdən gətirdiyim kətilin üstünə çıxdım, kəndirin bir ucunu yuxarı atıb armaturlardan keçirdim, uclarını tutub düyünlədim, yerdən 2 metr arlı babat bir ilgək düzəltdim. İlgəyi boynuma keçirib “Kəlmeyi-şəhadətimi” dedim. Sonra stulu ayağımın altından itələdim...

...Ayılanda gördüm arvad-uşaq başıma yığılıb, ağlaşır. Hələ qonşudan gələn, mərsiyə deyən arvadlar da vardı. Arvad-uşağın köməyi ilə (yıxılanda, protez də çıxmışdı) birtəhər ayağa qalxdım, özümü ayaqyolunun yanındakı oturacağa saldım. Protezimi qucağıma aldım, xəyala daldım... Bunların zəhərləri kimi, ipləri də çürükdür... Adamı adam kimi yaşamağa, adam kimi ölməyə qoymurlar, heç olmasa imkan versinlər, ilan kimi sürünək, arabir qurbağadan-zaddan tutub yeyək...

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Sources