Almaniyanın “Leypsiq” klubunun hücumçusu Andre Silva bundan sonra Bundesliqanın digər təmsilçisi “Verder”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Verder” portuqaliyalı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. 29 yaşlı forvard mövsüm bitən kimi yenə “Leypsiq”in düşərgəsinə dönməlidir.
Andre Silva peşəkar karyerasına “Portu”da başlayıb. “Milan”, “Sevilya”, “Ayntraxt” (Frankfurt) kimi klubların da şərəfini qorumuş hücumçu 2021-ci ildən “Leypsiq”də çıxış edir. O, Bundesliqa təmsilçisinin heyətində 110 oyuna çıxıb, 27 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub. “Leypsiq” Andre Silvanı 2023/2024 mövsümündə “Real Sosyedad”a da icarəyə verib.
Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Andre Silva 2016-cı ilin sentyabrında debüt etdiyi əsas millidə 53 oyuna 19 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Andre Silvanı heyətinə qatmış “Verder” sol cinah müdafiəçisi Olivye Demanı da Belçikanın “Antverpen” klubuna icarəyə verib. 24 yaşlı belçikalı futbolçunun cari mövsümün sonunadək icarədə olacağı diqqətə çatdırılıb.
Olivye Deman “Serkl Brügge”nin yetirməsidir. 2023-cü ildən “Verder”də çıxış edən belçikalı müdafiəçi bu klubun heyətində meydana çıxdığı 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Belçikanın U-21 yığmasında da oynamış Deman 2023-cü ilin yanvarında debüt etdiyi əsas millidə 4 oyun keçirib.
Andre Silvanı icarəyə vermiş “Leypsiq” də heyətinə yeni oyunçu qatıb. Sözügedən klub İngiltərə təmsilçisi “Aston Villa”dan sağ cinah müdafiəçisi Kosta Nedelkoviçi icarəyə götürüb. 19 yaşlı serbiyalı futbolçu bu mövsümün sonunadək Bundesliqa klubunda icarədə olacaq.
“Srvena Zvezda”nın yetirməsi olan Nedelkoviç “Qrafiçar”da da oynayıb. “Aston Villa” onu 2024-cü ilin yanvarında 7,6 milyon avro müqabilində heyətinə qatıb. Müdafiəçi Premyer Liqa klubunun əsas komandasında 10 oyun keçirib.
Serbiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Nedelkoviç 2024-cü ilin sentyabrında debüt etdiyi əsas millidə 6 oyun keçirib.