Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbəsi Alidə Məmmədova da Medianın İnkişafı Agentliyinin gerçəkləşdirdiyi sayca yeddinci olan “Media könüllüləri” Proqramını uğurla başa vuran və birinci dərəcəli sertifikatla mükafatlandırılan aktiv gənclərdəndir.
“Bakı-Xəbər”in qonağı olan Alidə MEDİA-nın həyata keçirdiyi bu proqramın əhəmiyyəti, gənclərə faydası, könüllülüyün üstünlüyü, öyrədikləri barədə bizə danışdı.
- Alidə, bildiyim qədər, sən ilk dəfə deyil ki, Agentliyin həyata keçirdiyi “Media könüllüsü” proqramında iştirak edibsən. Bu proqrama marağın necə yarandı?
- Bəli, ikinci kursda oxuyandan media könüllüsü olmuşam. Proqramı birinci dərəcəli sertifikatla bitirmişəm, İTV-də bir ay təcrübə keçmişəm. əlavə olaraq Şuşa Qlobal Media Formunda iştirak etmişəm. Nailiyyətlərimə görə hazırda Bakı Dövlət Universitetində media səfiri statusunu daşıyıram.
- Bu statusda hansı işlər görürsən?
- Biz gəncləri media haqqında məlumatlandırırıq. Jurnalistika fakültəsində MEDİA-nın “Media könüllüləri” proqramına maraq həddindən artıq böyükdür. “MEDİAlab” layihəsi çərçivəsində səfirik. Eyni zamanda “MEDİAlab”da keçirilən görüşlər barədə gəncləri vatsap üzərindən məlumatlandırırıq. Könüllü olub-olmamasından aslı olmayaraq gənclər bu tədbirlərdə fəal iştirak edirlər.
“Media könüllüləri” proqramına gəlincə, biz üç ay müddətində burda iştirak etdik. Məncə, media könüllülüyü başqa sahələrin könüllülərindən çox fərqlənir.
- Hansı cəhətlərinə görə fərqlənir? Əsas fərqlər nədədir?
- Birincisi, gəncləri məcburiyyət qarşısında qoymamasını qeyd edə bilərəm. Gənclər bu tətbirlərə ürəklə, çox böyük maraqla qatılırlar. Məsələn, Medianın İnkişafı Agentliyi (MEDİA) və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi keçirilir. Gənclər üç nəfərlik qruplar şəklində istər reportaj, istərsə də qəzet nümunəsi ilə “Kreativ Media - Bakı” müsabiqəsinə qatıla bilirlər. Sonuncu müsabiqədə ekologiya ilə bağlı reportajımla mən və komanda yoldaşlarım birinci olmuşuq. Onu da deyim ki, hər yarışmada üç reportaj, üç dənə də qəzet yazısı seçilir. Bizdən əvvəlki yarışmada qəzet nümunəsinin qalibi Zahidgilin (Zahid Məmmədlini deyir) komandası idi. Media könüllüsü seçilənlərə diqqət yetirsək görərik ki, onlar bacarıqları və digər keyfiyyətlərinə görə seçilirlər. Burda təkcə jurnalistika fakültəsindən deyil, ADA Universitetindən Bədən Tərbiyəsi və İdman Akademiyasından, Bakı Slavyan Universitetindən, Azərbaycan Dillər Universitetindən başqa-başqa ixtisaslar üzrə təhsil alan gənclər arasında könüllülər var.
MEDİA-nın rəhbərliyi bizimlə sıx ünsiyyətdədir, əlaqədədir. Ümumiyyətlə, burda birlik, həmrəylik mövcuddur. İstər yeni gələn könüllülər, istər məzunlar bir-biri ilə sıx əlaqə saxlayır, biz əlaqələrimizi heç vaxt itirmirik. Bizim hər il şəbəkələşmə tədbirimiz olur.
- Orda əsasən kimlər iştirak edir?
- Birinci könüllülərdən tutmuş yeni könüllülərə qədər hər biri ilə əlaqəmiz var. Hətta universiteti bitirənlər, işləyənlər, hazırda xaricdə olanlar var ki, biz onlarla əlaqələrimizi kəsmirik. Hər il Qlobal Media Formlarına könüllülər seçilir və Şuşaya gedib orda tədbirin işinə köməklik göstəririk. İçimizdə yenilər də, məzunlar da, hətta xaricdə təhsil alanlar da var ki, gəlib formun işində iştirak edirlər. Xaricdən Ruslan bəy gəlmişdi, onun iştirak etdiyi ikinci forum idi. Bu forumlar bizə həm beynəlxalq təcrübə qazandırır, həm də xaricdən gələn şəxslərlə, jurnalistlərlə əlaqələrimiz genişlənir. Aramızda birinci, ikinci kursda oxuyanlar da var ki, gəlib bu mühitə düşürlər və artıq formalaşmağa başlayırlar. Mən şəxsən ikinci kursla dördüncü kurs arasındakı məsafəyə baxıb görürəm ki, nə qədər inkişaf etmişəm. Burda MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun və bizim koordinatorlarımızın-Aynur xanımın və Anar bəyin də çox böyük əməyi var.
- Dərslərlə paralel olaraq təlimlərdə iştirak etmək çətin deyildi ki?
- Elə olurdu ki, dərs müddətində başqa rayonlara bizim səfərlərimiz olurdu. İştirak etmədiyim dərslərdə aldığım qayıba görə heç vaxt belə təəssüflənməmişəm. MEDİA elə bir yerdir ki, dərsdə iştirak etmədiyimə görə aldığım qayıbları haqq edir. Heç vaxt peşman olmuram ki, filan dərsdən qayıb aldım, yaxud hansısa fəndən balım aşağı olacaq. Çünki tədbirlərdən daha şey öyrənirəm.
Səfir olduğum müddətdə bizim fikirlərimizə çox diqqət yetirilirdi. Bakı Dövlət Universitetində “Media” otağı fəaliyyət göstərir. Elə tələbələr olur ki, limitdə olurlar, dərsdən çıxa bilmirlər, yaxud aşağı kurslarda oxuyan tələbələrin ailələri onların dərsdən sonra başqa yerə getməsinə elə də isti yanaşmırlar. Amma MEDİA-nın universitetlərlə elə bir əlaqəsi var ki, valideynlər də ona inanır. Məsələn, mən ailəmə deyəndə ki, MEDİA ilə harasa gedirəm, çox müsbət qarşılayırlar. Ailələrimiz Medianın İnkişafı Agentliyinə, onun könüllülük proqramına çox güvənirlər. MEDİA-nın universitetlərlə qurduğu əlaqələr tələbələrə də, universitet əməkdaşlarına da çox yaxşı təsir göstərir.
İradə SARIYEVA