EN

Ermənistan niyə sürətlə silahlanır?

Zaur İbrahimli // Siyasi şərhçi

Ermənistanın sürətlə silahlanması regionda sülhə əsas təhdidlərdən biridir. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 milyard dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5%-i həcmindədir.

Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. Beləliklə, İrəvan 200 milyon avro xərcləyərək 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edib.

Fransa və Ermənistan arasında “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı gələcəkdə imzalanacaq müqaviləni nəzərə alsaq, silah alış-verişi üzrə müqavilələrin dəyəri 400 milyon avrodan çox olacaq.

Bundan əlavə, Ermənistan artıq 600 milyon dollarlıq silah sifarişi ilə Hindistanın bir nömrəli silah idxalçısına çevrilib. Həmçinin, İrandan gizli silahlanma ilə bağlı məlumatlar da mövcuddur.

Ermənistan sanki sülhə yox, yeni müharibəyə hazırlaşır. İntensiv şəkildə fortifikasiya qurğuları tikir, hərbi təchizatı genişləndirirxarici ölkələrlə birgə təlimlər təşkil edir.

Ermənistanın bu siyasəti birbaşa revanşa hazırlaşmaq deməkdir, sadəcə bu revanşist siyasət sülh çağırışları ilə pərdələnir. Fransanın himayəsi ilə sürətli silahlanma, Ermənistanı region ölkələri üçün təhdid mənbəyi kimi saxlayır və İrəvandan xarici maraqların icraçısı kimi istifadə edirlər.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev yanvarın 7-də Azərbaycan TV-lərinə müsahibəsində açıq şəkildə bəyan edib ki, Ermənistanın sürətlə silahlanması hazırda sülhə ən böyük əngəldir. Bu silahlanma siyasəti sülh gündəliyinə ziddir və daha çox xarici ölkələrin maraqlarına xidmət edir. Buna görə, Ermənistan silahlanmaya son qoymalıdır, Ermənistana verilən silahlar geri qaytarılmalıdır. Yalnız bu halda Ermənistanın sülh gündəliyində qaldığını söyləmək olar.

Paşinyan, silahları geri verməklə və silahlanmaya son qoymaqla gerçəkdən sülhə can atdığını nümayiş etdirməlidir. Əks halda, Ermənistanın Baş naziri yenidən müharibəyə başlamaq fikrinə düşübsə, onda bu dəfə onlayn yox, canlı təslimçi sazişə imza atmalı olacaq.

 

Chosen
21
4
qht.az

5Sources