EN

200 il ömrü olan peşə

XVIII əsrin ikinci yarısından başlayaraq bir sıra sənaye ölkələrində “oyandırıcı” (ingiliscə: knocker-up) deyə biləcəyimiz peşə ortaya çıxdı. Bu peşə sahibləri zavod-fabriklərdə işləyən işçiləri oyandırırdılar.

Amerikalı Levi Hatçins 1787-ci ildə zəngli saat düzəltdi. Amma onun saatı satış üçün nəzərdə tutulmamışdı, özü üçün idi və yalnız səhər saat 4-də zəng çalırdı. Zəngi başqa vaxta təyin etmək mümkün deyildi.

Hatçinsdən 60 il sonra, 1847-ci ildə fransız Antuan Redye tənzimlənən zəngli saatın patentini aldı.

Amma bu saatlar fəhlələrin özlərinə rəva görə bilməyəcəyi qədər baha idi. Buna görə də sənaye inqilabı nəticəsində ortaya çıxan “oyandırıcı” peşəsi ortadan qalxmadı.

“Oyandırıcı”lar oyatdıqları adamlardan pul alırdılar. Birinci mərtəbədəki müştəriləri oyatmaq asan idi. İkinici mərtəbədəkilərin pəncərəsini isə uzun bir əşya, adətən bambuk ağacı ilə döyürdülər. Əksər “oyandırıcılar” pəncərəni bir neçə dəfə döyməklə işlərini bitmiş hesab edib növbəti müştərini oyatmağa gedirdilər. Bəziləri isə müştərinin oyanıb pəncərədən görünməsini gözləyirdilər.

İlk baxışda asan görünə bilər, amma yetərincə peşəkarlıq tələb edən iş idi. Oyatmalı olduğun adamın qonşularını narahat etməməli idin. Yoxsa səhər-səhər söyüş, qarğış yiyəsi olacaqdın.

Hər işdə olduğu kimi burada da novatorlar vardı. Məsələn, Meri Smit adlı qadın özü ilə bambuk ağacı gəzdirmirdi. Balaca çubuq borusu vardı və onun vasitəsilə yuxarıdakı pəncərələrə quru noxud atırdı (1931-ci ildə çəkilən şəkli şərhdə). Onun qızı Molli Mur da bir müddət anasının işini davam etdirdi.

Amma “oyandırıcı”ların əksəriyyəti təqaüdə çıxan kişilər idi. Bəzən hətta polislər də əlavə qazanc əldə etmək üçün bu işə razı olurdular.

Zəngli saatlar daha əlçatan olduqca “oyandırıcı” peşəsinə də tələbat azaldı. 1950-ci illərdə, demək olar, tam aradan qalxdı.

Chosen
11
vaxt.az

1Sources