EN

Əl-Musrati “Beşiktaş”ı “Monako”ya dəyişdi

Türkiyənin “Beşiktaş” klubunun liviyalı yarımmüdafiəçisi Almoatasembella Əli Məhəmməd Əl-Musrati “Monako”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Monako” 28 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

Xatırladaq ki, “Beşiktaş” Əl-Musratini 2024-cü ilin fevral ayının 9-da 1 milyon avroya Portuqaliyanın “Braqa” klubundan icarəyə götürüb. Lakin cəmi 5 gün sonra İstanbul nəhəngi 11 milyon avro qarşılığında bu oyunçunun transfer hüquqlarını da aldığını açıqlayıb. Əl-Musratinin “Beşiktaş”la 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var. O, İstanbul klubunun heyətində 38 oyuna çıxıb, 3 qola imza atıb.

Əl-Musrati karyerası ərzində “Əl-İttihad” (Tripoli), “Vitoriya” (Gimaraynş), “Rio Ave” və “Braqa” kimi klubların formasını geyinib. Yarımmüdafiəçi, 2014-cü ildən formasını geyindiyi Liviya yığmasında 40 oyuna çıxıb, 2 qola imza atıb.

Əl-Musratinin gəlişindən sonra “Monako” öz yarımmüdafiəçisi Eliot Matazonu “Hall Siti”yə satıb. Klub bu satışdan 2 milyon avro qazanıb. 22 yaşlı belçikalı futbolçu isə İngiltərə klubu ilə 2028-ci ilin 30 iyununadək anlaşıb.

Futbola “Anderlext”də başlamış Eliot Matazo “Monako”nun yetirməsi hesab olunur. O, ötən il “Antverpen”də icarədə də olub. “Monako”da 84 oyuna 2 qol və 3 assistlə yadda qalmış dayaq yarımmüdafiəçisi Belçikanın U-16, U-18 və U-21 yığmalarında da çıxış edib.

Əl-Musratini “Monako”ya göndərən “Beşiktaş” sağ vingeri Can Keleşi də “Kasımpaşa”ya icarəyə verib. 23 yaşlı futbolçunun cari mövsümün sonunadək icarədə olacağı vurğulanıb.

“Kasımpaşa” Can Keleşdən əlavə Avstriyanın “Zalsburq” klubunda çıxış edən polşalı mərkəz müdafiəçisi Kamil Pyatkovskini də heyətinə cəlb edib. Super Liqa klubu 24 yaşlı futbolçunu da bu mövsümün sonunadək icarəyə götürüb.

Nigeriya millisinin mərkəz müdafiəçisi Kennet Omeruo isə “Kasımpaşa”nı tərk edib. Azad agent statusuna malik 31 yaşlı futbolçu hazırda özünə yeni klub axtarışındadır. O, 2023-cü ildə 1 milyon avro müqabilində “Leqanes”dən Türkiyə klubuna keçmişdi. Nigeriyalı müdafiəçi “Kasımpaşa”da 85 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.

Chosen
42
42
arena.az

10Sources