Bu gün saat 16:00-da Azərbaycan Kubokunun 1/4 final mərhələsi "Kəpəz" - "Neftçi" oyunu ilə start götürəcək.
Kağız üstündə favoritlər bəllidir. Bəs ekspertlərə görə kubokda sürpriz nəticə olacaqmı? Futbol eksperti Aslan Kərimov bu haqda Offsideplus.az-a danışdı.
"Əslində heç bir komandadan sürpriz gözləmirəm. "Neftçi" təbii ki, rəqibini keçmək iqtidarındadır. "Sabah" da məncə, artıq kubokda sürprizə yol verməyəcək. "Qarabağ" və "Səbail" oyununda da inanmıram ki, hansısa bir gözlənilməz nəticə olsun. Bircə "Zirə" - "Araz Naxçıvan" oyunu mənim üçün əlli-əlliyədir. Sözün düzü, burda kimin keçəcəyini təxmin eləmək çox çətindir. Belə deyək, baxımlı olmasa da, gərgin bir oyun izləyəcəyik. Amma qalan cütlüklərdə isə favoritlər açıq-aşkar məlumdur. Təbii ki, futboldur, hər şey mümkündür. "Sabah", "Neftçi" və "Qarabağ" — oyunlarında əsas favoritlər bunlardırlar. Bəlkə birinci oyunda hansısa bir nəticələr gözlənilməz ola bilər. Amma iki oyunun sonunda hesab edirəm ki, bu komandalar yarımfinalda qarşılaşacaqlar".
Hüseyn Rəşadoğlu