EN

"Moody’s" Azərbaycanın kredit reytinqini yüksəltmək üçün şərtləri açıqlayıb

Əgər iqtisadi diversifikasiya və idarəetmə islahatları davam edərsə, Azərbaycanın reytinqi daha da yüksələ bilər.

Bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən APA-Economics”ə daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, Agentlik Azərbaycanın kredit reytinqinə və onunla bağlı digər reytinqlərə planlı olaraq baxış keçirib. Burada Azərbaycanın maliyyə vəziyyəti, son iqtisadi inkişaflar və risklər nəzərdən keçirilib. Azərbaycanın mövcud Ba1 kredit reytinqi bir neçə vacib faktora əsaslanır. Birincisi, Dövlət Neft Fondunda (SOFAZ) saxlanılan böyük maliyyə ehtiyatları hökumət üçün güclü bir maliyyə təminatı yaradır. Bu vəsaitlər hökumətin borclanma ehtiyacını azaldır və ölkəni xarici iqtisadi risklərdən qoruyur. Bundan əlavə son illərdə pul və iqtisadi siyasətlərdə aparılan islahatlar iqtisadi sabitliyə müsbət təsir göstərir və bank sektorunu gücləndirir. Lakin, idarəetmə sahəsindəki problemlər və Ermənistanla davam edən gərginliklər Azərbaycanın reytinqinə mənfi təsir göstərən əsas amillərdən biridir.

Agentlik həmçinin əlavə edib ki, Azərbaycan iqtisadiyyatı gözləniləndən daha sürətlə böyüyür. 2024-cü ildə ÜDM 4,1% artıb və 2025-ci ilin sonuna qədər təxminən 4% artım gözlənilir. Bu, 2023-cü ildəki cəmi 1,1%-lik artımla müqayisədə əhəmiyyətli bir irəliləyişdir. İqtisadi artım əsasən qeyri-neft sektoruna aid sahələr tərəfindən dəstəklənir. Dövlət borcu ÜDM-in 30%-indən aşağı qalacaq ki, bu da Azərbaycanın kredit etibarlılığı üçün müsbət amildir.

Azərbaycanın maliyyə gücü yüksək qiymətləndirilir. Dövlətin aktivləri xarici borcları tamamilə ödəməyə imkan verir, baxmayaraq ki, borcun böyük hissəsi xarici valyutadadır.

“Moody’s həmçinin əsas iqtisadi problemlərdən biri kimi Azərbaycanın iqtisadiyyatının hələ də neft və qaz gəlirlərindən çox asılı olmasında görür.

“Azərbaycanın Orta Dəhliz (Middle Corridor) vasitəsilə Avropa və Asiya arasında ticarət yollarını genişləndirməsi və ölkə daxilində yeni investisiyalar cəlb etməsi müsbət haldır. Bundan əlavə, Avropanın Azərbaycan qazına artan tələbatı və bərpa olunan enerji layihələrinin inkişafı neft gəlirlərinin azalmasının təsirini yumşalda bilər”- Moody’s bildirib.

Agentlik hesab edir ki, Azərbaycanın kredit reytinqin aşağı salınması ehtimalı azdır. Lakin, maliyyə və iqtisadi siyasətlərin effektivliyi zəifləyərsə, Ermənistanla gərginlik artarsa və ya Rusiya-Ukrayna müharibəsinin mənfi təsirləri genişlənərsə o zaman proqnoz stabil ola bilər və ya reytinq aşağı düşə bilər.

Moody’s bundan əlavə bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) layihəsinin Ba1 reytinqi və müsbət proqnozu dəyişməz qalır. Bu layihə Azərbaycan hökumətinin tam zəmanəti altında olduğu üçün dövlətin reytinqi ilə eyni səviyyədə qiymətləndirilir.

Chosen
10
apa.az

1Sources