Güləş üzrə ilin ilk reytinq turniri başlayıb.
Teleqraf.com xəbər verir ki, Xorvatiyada keçirilən “Zaqreb Open” yarışının ilk günündə sərbəst güləşçilərimiz mübarizəyə başlayıb.
57 kq çəki kateqoriyasında İslam Bazarqanov 1/4 finalda serbiyalı Azamat Tuskayevə 3:1 hesabıyla qalib gəlib. Bazarqanov yarımfinalda isə iranlı Fərhad Xateri üzərində tam üstünlüklə (10:0) qələbə qazanıb. İslam finalda amerikalı Spenser Li ilə qarşılaşacaq.
61 kq çəki kateqoriyasında Nürəddin Novruzov təsnifat mərhələsində iranlı İbrahim Xari ilə bacarmayıb - 0:10. Novruzov təsəlliverici görüşdə moldovalı Leomid Kolesnikə tam üstünlüklə (14:3) qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə iranlı Reza Momenizadə ilə mübarizə aparacaq.
65 kq çəki kateqoroyasında Əli Rəhimzadə ilk mərhələdə polşalı Xristof Bienkovskini yarışdan kənarlaşdırıb - 3:0. Rəhimzadə 1/4 finalda amerikalı Josef Makkennaya 4:7 hesabıyla məğlub olub. Əli bürünc medal uğrunda gürcüstanlı Qoqa Otinaşviliylə güləşəcək.
70 kq çəki kateqoriyasında Kənan Heybətov təsnifat mərhələsində meksikalı Austin Qomezdən güclü olub - 9:5. Həmyerlimiz 1/4 finalda polşalı Patrik Olenşinə heç bir şans tanımayıb - 11:1. Heybətov yarımfinalda gücünü iranlı İbrahim İlahiçurana göstərib - 10:5. Kənan finalda İran yığmasının digər üzvü Sina Xalili ilə üz-üzə gələcək.
74 kq çəki kateqoriyasında Ağanəzər Novruzov 1/4 finalda slovakiyalı Taymuraz Salkazanova 0:5 hesabıyla məğlub olub. Güləşçimiz bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Elbakidzeyə qalib gəlməyə çalışacaq.
86 kq çəki kateqoriyasında Arseniy Djioyev ukraynalı Muxammed Aliyev və gürcüstanlı Tariyel Gafrindaşviliyə vaxtından əvvəl (10:0) qalib gəlib. Djioyev amerikalı Trent Hidleyi də 5:0 hesabıyla üstələyərək adını finala yazdırıb. Onun həlledici qarşılaşmada rəqibi amerikalı Zahid Valensiya olacaq.
Qeyd edək ki, medallar uğrunda görüşlər Bakı vaxtı ilə 21:00-da başlayacaq.