EN

Tramp İrana qarşı maksimum təzyiq siyasətinə əl atır - TƏHLİL

ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər

Bu ssenari Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər

“ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdəki bədxah təsirinə qarşı mübarizə aparan Milli Təhlükəsizlik Prezident Memorandumunu imzalayıb. 
Bu barədə Ağ Evin mətbuat xidmətinin məlumatında deyilib. Sənədin imzalanması mərasimi zamanı Amerika lideri Vaşinqtonun bundan tez-tez istifadə etmək məcburiyyətində qalmayacağına ümid etdiyini bildirib. Həmçinin qeyd edilir ki, fərman xüsusilə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyır. Sənəd həmçinin Vaşinqtonun İran neftinin ixracını azaltmağa yönəlmiş səyləri gücləndirməsini nəzərdə tutur.

Donald Tramp eyni zamanda müşavirlərinə Tehran tərəfindən ona qarşı sui-qəsd həyata keçiriləcəyi təqdirdə İranı məhv etmələri barədə göstəriş verib: 

 “Hökumət Tehrana maksimum təzyiq göstərəcək. Mən göstəriş vermişəm, əgər onlar bunu (sui-qəsd cəhdi) etsələr, məhv ediləcəklər, heç nə qalmayacaq”.
Trampın İrana qarşı maksimum təzyiq siyasətini dəyərləndirən siyasi təhlilçi Aqşin Kərimov ”Sherg.az”a açıqlamasında İranın müxtəlif regionlarda uğursuzluqlarla üzləşdiyi bir şəraitdə nüvə sahəsindəki tədqiqatları genişləndirdiyini deyib. Onun sözlərinə görə, İranın nüvə silahına yaxınlaşması üçün yanaşmaları Tehranın çəkindirmə gücünün əsas elementlərinin – proksi qüvvələrin - aşındığı bir vaxta təsadüf edir:

 “İran kompensasiyaedici çəkindirmə gücü yaratmaq üçün zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artıran addımlar atır. Rəqəmlə ifadə etsək, İran uran istehsalındakı zənginləşdirməni 60 faizdən 90 faizə qaldıra biləcək potensiala malik ola bilər.  Məlumatlara əsasən, İran uranın 60 faizə qədər zənginləşdirməsini dağın içində dərin basdırılmış “Fordo” müəssisəsində həyata keçirib. Bu cəhətdən İranın nüvə proqramını hərbi zərbələrlə pozmaq cəhdləri mənasızlaşır, çünki hətta atılacaq raketlər belə, İranın dağların dərinliklərindəki nüvə obyektlərinə nüfuz edə bilmir. Ona görə də, Donald Tramp İranı nüvə silahı əldə etmək ehtimallarına qarşı “maksimum təzyiq” kampaniyasını İran iqtisadiyyatını çökdürməklə uyğunlaşdırır. “Maksimum təzyiq” sanksiyaları çox güman ki, İran iqtisadiyyatının daha da pisləşməsinə səbəb olacaq. 
Çünki İran büdcəsi daha çox neft ixracından gələn gəlirlərdən asılıdır. Sərəncam isə İranın enerji ixracı ilə əlaqədar sanksiyaları əhatə edir. Bunlara baxmayaraq, istər İran, istərsə də ABŞ potensial hərbi münaqişəyə deyil, əldə edilə biləcək sövdələşmələrə hazırlaşırlar. Yəni İranın nüvə fəaliyyətlərində ABŞ-nin istədiyi dəyişikliklər edilməsə, Vaşinqtondan Tehrana qarşı sanksiyaların tətiklənməsi davam edəcək. Hərçənd ki, İrana qarşı cəza tədbirlərinin necəliyi ABŞ ilə İsrail arasında mübahisələr yaradacaq”.

A. Kərimovun sözlərinə görə, Rusiya ilə İran arasında imzalanmış Hərtərəfli Srateji Tərəfdaşlıq Saziş tərəflərin nüvə enerjisi sahəsindəki əməkdaşlığını da əhatə edir: 

“Rusiya İranın nüvə proqramının nüvə silahı həddinə qədər gəlməsində maraqlı deyil. Buna görə də, Rusiya ABŞ-dən İrana qarşı təzyiqləri nüvə təhlükəsizliyi üzrə öhdəliklərin pozulması kontekstində deyil, iqtisadi mənzərədə qiymətləndirir.  Yəni Rusiya illərdir ki, İranı nüvə təhlükəsizliyi üzrə öhdəlikləri pozmasının nəticələrinə görə məsuliyyət daşımağa hazır deyil”.
 Sənədin Azərbaycan üçün mümkün fayda və zərərlərinə gəldikdə isə siyasi təhlilçi qeyd edib ki, Baş Prokuror ABŞ daxilində İranın və ya İranın terror provayderi tərəfindən maliyyələşdirilən maliyyə və logistik şəbəkələri, əməliyyatçılar və ya cəbhə qruplarını araşdırmaq, pozmaq və mühakimə etmək üçün bütün mövcud hüquqi addımları atacaq. Bu, ABŞ-nin xarici siyasətinə də sirayət edəcək, çünki hərtərəfli əməliyyatlar İranın sponsorluq etdiyi təşkilat və ya şəxslərdən yan keçməyəcək. Ümumilikdə sənəd, o cümlədən qeyd edilən kontekst Azərbaycan üçün də aktuallıq kəsb edir: “İranın nüvə faylının minimallaşmasına qarşı tədbirlərin davamı olaraq, ABŞ Cənubi Qafqaz məkanını Tehrana qarşı cəbhə kimi nəzərdən keçirə bilər. Bu ssenari Azərbaycan üçün məqbul deyil, çünki Vaşinqtondan mümkün həmlələr Bakı-Tehran arasında gərginlik ocaqlarını dirçəldə bilər. Belə olduğu təqdirdə, İran Azərbaycanın maraqları ilə xarici oyunçuların ambisiyaları arasında paralellik aparmaq cəhdlərini yenidən təkrarlayacaq ki, bu da ən azından siyasi gərginliklə müşayiət olunacaq”. 

Chosen
21
5
sherg.az

6Sources