EN

Əliməmməd Nuriyev: "İctimai şuraların institusional inkişafına ehtiyac var"

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a açıqlamasında ictimai şuraların institusional inkişafının vacibliyini vurğulayıb. O, bu istiqamətdə qanunvericilikdə bir sıra dəyişikliklərin zəruri olduğunu bildirib.

Ə.Nuriyev qeyd edib ki, ictimai şuraların fəaliyyətinin dayanıqlı olması üçün şəffaf və sabit maliyyələşdirmə mexanizmlərinin yaradılması vacibdir: "Əgər ictimai şuralar yalnız onlara bağlı olan dövlət qurumları tərəfindən maliyyələşdirilərsə, onların tam müstəqilliyi sual altına düşəcək. Bu halda, ictimai nəzarət funksiyasını yerinə yetirmək əvəzinə, həmin qurumların imicinin yaxşılaşdırılması ilə məşğul olan bir struktura çevriləcəklər."

Ona görə də ictimai şuraların maliyyə resurslarının gücləndirilməsi və onların ofis, texniki avadanlıqlarla təmin olunması məsələsinin həlli vacibdir. Bu addımlar onların fəaliyyətinin effektivliyini artıracaq. Bundan əlavə, ictimai şuraların maliyyə xərclərinin səmərəli və hesabatlı şəkildə idarə olunması üçün aydın mexanizmlər yaradılmalı, mütəmadi auditlər keçirilməli və ictimaiyyətə açıq hesabatlar təqdim edilməlidir.

Əliməmməd Nuriyev ictimai şuralara üzvlərin seçilmə mexanizminin daha şəffaf olmasını da vacib hesab edir: "Namizədlərin seçim qaydaları açıq elan edilməli, onların təcrübəsi barədə ətraflı məlumat verilməlidir. Seçkilərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin kimliyi açıqlanmalıdır ki, namizədlər öz təşviqat kampaniyalarını effektiv şəkildə apara bilsinlər."

Bundan başqa, ictimai şuralara seçilən üzvlərin peşəkarlıq səviyyəsinin artırılması üçün müəyyən kriteriyalar tətbiq olunmalıdır. Çünki təcrübəsi və peşəkarlığı kifayət qədər olmayan şəxslərin seçilməsi ümumi fəaliyyətin səmərəliliyinə mənfi təsir göstərir.

Ə.Nuriyev sonda vurğulayıb ki, bu islahatlar həyata keçirildiyi təqdirdə ictimai şuraların daha müstəqil, şəffaf və effektiv fəaliyyət göstərməsi mümkün olacaq.

 

Pərvanə Fərhadqızı

Chosen
21
qht.az

1Sources