“Mən, ümumiyyətlə hər gün çıxıb bir proqnoz verməkdən uzağam. Azərbaycanla bağlı artıq dediklərim mətbuatda yer almaqdadır”.
Bu sözləri Bakıvaxtı.az-a müsahibəsində Moskvada yaşayan azərbaycanlı kliniki psixoloq, məşhur ekstrasens Zirəddin Rzayev deyib.
Müsahibimiz bu il vətənimizdə az-çox stabil il olacağını proqnozlaşdırır. Zirəddin Rzayev müsahibəsində reallaşan və təsdiqini tapmayan proqnozlarından da danışıb.
Müsahibəni təqdim edirik:
Mənə qarşı edilən ədalətsiz tənqid və təhqirçilərə susmağımla sillə vururam
- Telegram səhifənizdə fevral ayının zəlzələ və qasırğalarla bağlı aktiv olduğunu və fevralın 7-dək bir neçə ölkədə zəlzələ olacağını bildirmişdiniz. Bu proqnozunuzun xüsusən Çin, Tayvan, Malaziya, Yaponiya, İndoneziyaya aid olduğunu qeyd etmisiniz. Bundan bir gün sonra İndoneziyada 6.2 bal gücündə zəlzələ oldu və bu digər yerlərdə də hiss olundu...
- Mən heç vaxt öz proqnozlarımla öyünməmişəm. Bütün peşə sahibləri kimi mənim də xətalarım var. Ancaq mənim təbəssümlə qarşıladığım bir nüans olub ki, o da kimlərinsə mənə falçı deməsi idi. Həmişə deyirəm ki, hər kəs məni öz səviyyəsində, öz intellektində dəyərləndirir.
Mən ali təhsilli psixoloqam, Azərbaycan da daxil olmaqla Rusiya ilə birlikdə bir neçə ali təhsil ocağında təhsil almışam. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunuyam. Eyni zamanda Rusiyada çoxsahəli tibbi klinikalardan birində kliniki psixoloq vəzifəsində çalışıram. Rusiya Dövlət Dumasının deputat köməkçisi, Rusiya İctimai Palatasının əməkdaşıyam. Kliniki psixologiya üzrə ictimai xidmətimə görə Beynəlxalq Qırmızı Xaç cəmiyyəti mükafatçısıyam.
Bir “falçı”nın bu qədər dövlət və sosial statusunu nəzərə alsaq, onların hansı zirvələri fəth etdiklərini güman edirəm. Bilirəm, bu dəqiqə diqqət cəlb eləmək xatirinə mənim bu dediklərimi bəzi “jurnalistlər” qalmaqala çevirməyə çalışacaqlar, ancaq mən həmişə mənə qarşı edilən ədalətsiz tənqid və təhqirçilərə susmağımla sillə vururam.
COVİD -19 virusu mənim “şah əsərimdir”
-İndiyə qədər verdiyiniz başqa hansı proqnozlar reallaşıb?
- 2010-cu ildə İslandiyada Avropanın bir hissəsini iflic halına salan vulkan püskürməsi, 2015-ci ildə Məkkədə onlarla zəvvarların faciəvi ölümünə səbəb olan tikinti kranının güclü külək nəticəsində Məscid əl Həram üzərinə aşmasını proqnozlaşdırmışdım.
COVİD -19 virusu mənim “şah əsərimdir”. Dünyada yeganə insanam ki, COVİD-19-un ən xırda məqamlarını belə hələ 2017-ci ildə təfərrüatı ilə xəbər vermişdim. 2017-ci ildə “payızda təhlükəli virus yayılacaq və insanlar maskada gəzəcəklər” deyə bildirmişdim. COVİD-19 məhz 2019-cu ildə payızda meydana çıxdı və insanlıq tarixində beynəlxalq səviyyədə insanlar bu qədər maskada gəzməmişdilər. Yəni “payız”, “virus” və “maska” kimi sözlərlə mən COVİD-19 virusunu xarakterizə etmişdim,
Bundan başqa, 2019-cu ildə Zelenskinin prezident seçkilərində qalib gələcəyini, SSRİ xalq artisti Ciqarxanyanın ölümünü, 2017-ci ildə İranda İmam Xomeyni mavzoleyində baş verən terror hadisəsini, 2017-ci ildə Rusiyanın Dövlət Dumasının eks deputatı Denis Voronenkovun qətlə yetirilməsini proqnozlaşdırmışdım. Çox maraqlıdır ki, mən proqnozumda bu hadisəni də detalları ilə xatırlatmışdım. Belə ki, eks deputata hucum edən qatilin özünün də həmin anda öldürüləcəyini söyləmişdim. Bu belə də oldu,
Daha sonra 2022-ci il yanvarın 7-də Türkiyədə baş verən dəhşətli zəlzəni, nə az, nə çox, düz beş il öncədən İngiltərə kraliçası ikinci Yelizavetanın ayın 8-də öləcəyini, 2024-cü ildə isə bütün dünya mətbuatına səs salan Narin Güran cinayətinin təfərrüatlarını Türkiyənin Diyarbekir polis idarəsinə rəsmi müraciətimdə bildirmişdim. Mənim polislərə verdiyim məlumatları Türkiyə polisləri yalnız həftələr sonra araşdırıb təsdiq etdilər.
2-3 il müddətində qəfildən öləcək
-Bəs təsdiqini tapmayan proqnozunuz olubmu?
- Bəli. olub. Elə bu yaxınlarda Amerikada baş verən seçkilərdə Demokratlar Partiyasının qalib gələcəyini demişdim. Ancaq bu proqnozum özünü doğrultmadı. Ola bilsin ki, burada başqa nüanslar da var.
-Ümumi olaraq Azərbaycan üçün hansı proqnozları verə bilərsiz?
- Mən, ümumiyyətlə hər gün çıxıb bir proqnoz verməkdən uzağam. Azərbaycanla bağlı artıq dediklərim mətbuatda yer almaqdadır. Ümumi olaraq onu deyə bilərəm ki, bu il az-çox stabil il olmalıdır vətənimizdə.
Məni həmişə qorxudan Zəngəzur dəhlizi, sülh sazişi və s. kimi beynəlxalq hüquqi məsələlərdir. Çox şükür, artıq Qarabağ deyilən dərdimiz yoxdur. Heç kimin, heç bir millətin yanında başımız aşağı deyil. Yalnız hiyləgər Qərbin, Amerikanın, Hindistanın, Almaniyanın, Fransanın riyakar siyasətlərindən ehtiyatlı olmalıyıq.
Bir də Azərbaycanda hal-hazırda həbsdə olan erməni separatçılarından birinin 2-3 il müddətində qəfildən öləcəyini görürəm.
Onların Zirəddin Rzayevə inanmamaqları heç nəyi dəyişmir
- Bir çoxları belə proqnozlarainanmırlar. Onlarındüşüncələrinə münasibətiniznecədir?
- Çox yaxşıdır, hesab edirəm ki, bu, normaldır. Biz demokratik zəmanədə müstəqil düşüncəyə sahib olmalıyıq. Onların Zirəddin Rzayevə inanmamaqları heç nəyi dəyişmir. Dünyada müxtəlif dinlər mövcuddur. Orada da bir-birlərini qəbul etmirlər. Ancaq bu o demək deyil ki, kimlərinsə İslam dininə inanmaması nəyisə dəyişəcək. Biz Hitleri sevsək də, sevməsək də onu tarixdən silə bilmərik. Yezid kimi qəddar bir xəlifəni də o cümlədən. Sadəcə olaraq yaşadığımız bu fani dünyada yezidlərə, hitlerlərə bənzəməməliyik. Sevib-sevilməli, hər şeyə hörmətlə yanaşmalı, ədalətsiz və kobud olmamalıyıq.
-Sosial şəbəkələrdə “ekstrasensəm” deyib proqnozlar verən şəxslər çoxdur. Həmin şəxslər barədə nə deyə bilərsiniz?
- Atalar demişkən, elin gözü tərəzidir. Mən bayaq da vurğuladım. Tarixi şəxsiyyətləri tarixdən silmək mümkün deyil. Hünərləri var tarixə düşsünlər, tarix yazsınlar. Mənim haqqımda Azərbaycan Televiziyasının (AzTV) çəkdiyi sənədli film var. Dövlətimizin mənə göstərdiyi diqqət və hörmət mənim üçün dünyalara dəyər. Mən doğma ana dilimdə, klassik ədəbi janrlarda şeirlər və qəzəllər yazıram.
- Fəaliyyətinizi Azərbaycanda davam etdirmək istərdinizmi?
- Azərbaycan ana vətənimdir, orada yaşasam niyə də olmasın ki? Ancaq mən Rusiyada yaşayıram, Rusiya Dövlət Dumasında, İctimai Palatada fəaliyyətimi davam etdirirəm. Düşünürəm ki, elə burada da bacardığım qədər xalqıma xidmət edirəm və dövlətimizi təmsil edirəm. Tez-tez Azərbaycan səfirliyində tədbirlərdə iştirak edirəm. Mənim Rusiyada rəsmi xəbər saytım var, Ulu Öndərimizin anadan olmasının yüz illiyinə həsr olunmuş gözəl məqalə dərc etdim. Azərbaycan Respublikasının Rusiyadakı yeni səfiri Rəhman Mustafayevin qısa müddətdə Rusiya azərbaycanlılarına qarşı göstərdiyi təvazökarlığının şahidi oldum. Rəhman müəllim Rusiyada təhsil alıb. Alicənab və humanist insandır. Polad Bülbüloğlu ilə də çox yaxın dostluq münasibətlərimiz var. Onun da Sovetlər dönəmindən bugünkü müasir Azərbaycana, dövlətçiliyimizə olan xidmətləri inkarolunmazdır.
Mina Mikayılova