EN

Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir.190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir.

Operativ Media xəbər verir ki, bu sözləri İqtisadi Zonaların İnkişafı Agentliyin sədri Seymur Adıgözəlov deyib.

O çıxışı zamanı qeyd edib ki, indiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib: "Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazara satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 16 rezidenti və 2       qeyri-rezidenti var. Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib".

Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır.

"Cari ildə Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır.
Ümumilikdə onu da qeyd edim ki, ölkəmizdə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Sənaye zonalarında sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilərlər.
Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 505 milyon manatdan çox, 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər. 

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bir sıra xammal və materialların idxalının gömrük rüsumları və ƏDV-dən tam azadolması, xüsusi güzəştli bank kreditləri və s. aiddir".

Chosen
46
7
operativmedia.az

10Sources