EN

Ermənistanın taleyi onun normal dövlətə çevrilməsindən asılıdır – Asim Mollazadə

Yazını böyüt
Yazını kiçilt

Cənubi Qafqazla bağlı ciddi proseslər yaşanmaqdadır. İstər Zəngəzur dəhlizi, istərsə də sülh prosesi ilə bağlı diqqətçəkən məqamlar var. Müsahibimiz millət vəkili Asim Mollazadədir.

- Paşinyan son açıqlamasında ABŞ-nin yeni administrasiyasının Cənubi Qafqaza diqqəti azaltmamalı olduğunu və “Cənubi Qafqazda sülhün əldə edilməsi gündəminin ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməlidir”,  - deyə bildirib. Paşinyan nəyə ümid edir?

- Ermənistanın mövqeyi bəllidir. Ermənistan “Kimdən nə qopara biliriksə, qoparaq” prinsipi ilə oyunlarına davam edir. Paşinyan bu oyunları bütün güc mərkəzlərində həyata keçirir. Əsas məqsədi bu oyunlarla hakimiyyətini qorumaqdır. 

Eləcə də Ermənistan ABŞ-nin yeni admnistrasiyasına müraciət etməklə nümayiş etdirmək istəyir ki, bu dəyişiklik Ermənistan üçün hansısa bir problem yaratmayacaq.  Ona görə də belə bir şou yaradıb, diqqət çəkməyə çalışırlar. Onu nümayiş etdirirlər ki, Ermənistan indiyə qədərki oyunlarını Tramp administrasiyası ilə davam etdirəcək.

- Ankara Bəyannaməsi Zəngəzur dəhlizi prosesinə hansı dəstəyi verə biləcək və Qərbin bu yöndə planları nədir?

- Düşünürəm, istər Qərb, istər Avropa olsun, hamının marağı odur ki, yeni kommunikasiya xətti formalaşsın. Azərbaycanın da marağı indiyə qədər həyata keçirdiyi bütün layihələr Qərb, Şərq, Cənubu birləşdirən bir kommunukasiya sisteminin formalaşdırılmasıdır. Azərbaycan bu işlərini davam etdirir və şübhə yoxdur ki, Naxçıvanı Azərbaycanla birləşdirən kommunikasiya sistemi inşa ediləcək. Bu sistem hamının maraqlarına uyğun olaraq müsbət nəticələrini verəcək.

Qeyd etmək lazımdır ki, bu dəhlizin açılması ABŞ-nin da maraqlarına uyğundur.  Azərbaycanın formalaşdırdığı bu sistem Qərblə Şərqi birləşdirən bir kommunikasiya sistemidir və ABŞ-nin bir çox müttəfiq ölkələri bu prosesdən bəhrələnəcək.

- Ermənistan Zəngəzur dəhlizi ilə bağlı Qərb və Avropadan hansı addımların atılmasını gözləyir?

- Ermənistan çox gözəl anlayır ki, bu dəhlizlərin inkişafında, maliyyələşməsində rolu olmayacaq. Ancaq dəhliz bunlara da lazımdır. Ona görə də bu mövzunu da hansısa maliyyə mənbəyi tapmaq üçün istifadə etməyə çalışır.

- ABŞ-nin yeni administrasiyası USAİD-in bağlanmasını elan etməklə hansı mesajlarını verir?

- Bu mesaj ondan ibarətdir ki, ABŞ-nin çox mühüm maliyyə vəsaitləri bu təşkilat vasitəsilə, demək olar ki, puça çevrilirdi. Həm də müəyyənləşdirildi ki, COVİD virusunun yaradıldığı laboratoriyada aparılan işlər də ABŞ-nin dəstəyi ilə həyata keçirilib. Oyunlar gedirdi və bu oyunların qarşısını almaq üçün araşdırmaların aparılması planlaşdırılır. Baxmayaraq ki, bu araşdırmaların aparılması üçün USAİD-in rəhbərliyi tərəfindən müqavimət göstərilir.

- USAİD-in Azərbaycana qarşı apardığı siyasətin arxasında nə dayanırdı və bu təşkilatın ləğvi ilə nə dəyişəcək?

- Bu təşkilatın fəaliyyəti önəmli deyil. Mənə belə gəlir ki, araşdırmalardan sonra qərarlar verilə bilər. Ola bilər ki, USAİD bağlandıqdan sonra hansısa yeni bir təşkilatın yaranması baş verə bilər. ABŞ özü bu təşkilatdan ciddi zərbələr alıb - həm maliyyə, həm də nəticədə öz tərəfdaşları ilə münasibələtini pozub.

- Avropa və Qərbin regionda 44 günlük müharibədən sonra yaranan yeni reallığa yanaşmasında dəyişiklik varmı?

- Bir məsələ aydındır ki, Ermənistanın taleyi onun normal dövlətə çevrilməsindən asılıdır. Ermənistan əsas qonşuları - Türkiyə, Azərbaycanla normal münasibətlər yaratsa, ərazi iddilarına və nifrət kampaniyasına son qoysa, normal bir dövlət kimi bu bölgədə yaşaya bilər. Ermənistanın fərqli mövqeyi onun var olmasını böyük təhlükə altında qoya bilər. USAİD kimi təşkilatlar Ermənistanı silahlandırmaqla gərginliyin artmasına şərait yaradıblar. USAİD-in rəhbəri Samanta Pauerin Vardanyanla əməkdaşlığı faktdır. Pauerin və USAİD-in faktiki Azərbaycan ərazi bütövlüyünə qarşı fəaliyyəti yaxın tariximizdə hər kəsə bəllidir. USAİD işğal dövründə Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi verib; Azərbaycan müstəqil siyasət yeritdiyinə görə daim USAİD və digər beynəlxalq təşkilatlar tərəfindən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşib. Eləcə də vardanyanların arxasında kimlərin durduğu hamıya bəllidir. Amerikada mövcud olan sosialist düşüncəli və dünyanı ciddi təhlükə altında qoyan qüvvələr ciddi araşdırılmalı, onlara qiymət verilməlidir.

ABŞ özünün nüfuzunu məhz USAİD-in fəaliyyəti nəticəsində dünyanın bir çox yerlərində itirib. USAİD-lə bağlı çox məsələlər ortaya çıxacaq.

- Geosiyasi proseslərdə Azərbaycana münasibət nə dərəcədə dəyişir?

- Azərbaycan bölgənin ən güclü, ən pozitiv istiqamətlərdə layihələr həyata keçirən bir ölkədir. Ölkəmiz kommunikasiya, enerji təhlükəsizliyi, ətraf mühitin qorunması istiqamətlərində bir sıra böyük işlər görüb. Bu bizim ölkəmizin dünyada nüfuzunu artırıb.  Azərbaycan azadlığı müdafiə edən bir ölkə olaraq, neokolonializmə qarşı mübarizə aparır və çox pis vəziyyətdə olan ölkələrin müdafiəsi dünyada ölkəmizə dəstək qazandırır.

Chosen
16
hafta.az

1Sources