Sual: Azərbaycan mətbuatında yayılan məlumata əsasən, Azərbaycan tərəfi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca, Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin fəaliyyətinin dayandırılmasına qərar verib. Bu barədə Rusiya tərəfinə rəsmi bildiriş verildiyi barədə xəbərlər də mövcuddur. Bu məsələni necə şərh edərdiz?
Cavab: Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.