EN

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOT

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Aşağı Surra kənd sakinləri ilə səyyar görüş keçirib.  
     
Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Aşağı Surra kənd ərazi dairəsi üzrə Nümayəndəsi çıxış edərək Aşağı Surra kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxış edənlər “Mehriban xanım Əliyevanın fəaliyyəti milli və mədəni, eyni zamanda
bəşəri dəyərlərə sadiqlik nümunəsidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar. Çıxışlar zamanı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə mədəniyyət, təhsil, idman sahəsində dövlət siyasətinin dəstəklənməsində və uğurla gerçəkləşdirilməsində geniş fəaliyyət göstərməsindən, uşaqların sağlamlığının qorunması və ölkəmizin dünya miqyasında tanınmasındakı müstəsna rolu haqqında iştirakçılara geniş məlumat veriblər.

Neftçala RİH-in başçısı Mirhəsən Seyidov  çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva müxtəlif sahələrdə mühüm fəaliyyətlər göstərib. Onun fəaliyyətinin əsas istiqamətləri milli və mədəni dəyərlərin qorunması və inkişaf etdirilməsi, eyni zamanda bəşəri dəyərlərə sadiqliyi əks etdirir. Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin və tarixinin dünyada tanıdılması istiqamətində bir çox layihələr həyata keçirib. Bu, həmçinin digər xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələr və əməkdaşlıq qurmağa kömək edib. O, mütəmadi olaraq beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edir və ölkənin mədəni irsini dünyaya tanıdır. Bundan əlavə Heydər Əliyev Fondu təhsil, səhiyyə, humanitar və sosial sahələrdə müxtəlif layihələr həyata keçirib. Fond, həmçinin, tarixi abidələrin bərpası və mədəni irsin qorunması işlərinə də böyük diqqət yetirir. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirən bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. RİH-in başçısı Heydər Əliyev Fondunun dəstəyilə rayonumuzda inşa olunan Xıllı qəsəbə 1 saylı və Bankə qəsəbəsindəki tam orta məktəblərinin, həmçinin ölkə ərazisində tikilən məktəblər haqqında danışıb. 

Səyyar qəbul zamanı vətəndaşlar özünəməşğulluq proqramına qoşulma, kənddaxili yolun təmiri, suvarma kanalının lildən təmizlənməsi və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” //rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Chosen
14
3
modern.az

10Sources