EN

Paşinyan ABŞ-da Bakı ilə Ankaranın arasına təfriqə salmaq istədi...

Image

Rəşad Bayramov: “Çalışır beynəlxalq güclər sərhədlərin açılması məsələsində Türkiyəyə təzyiq göstərsinlər”

“Biz Türkiyə ilə dialoqu davam etdiririk və davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki qədər fəal dialoq aparmayıb”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan “Atlantic Council” təşkilatında çıxışından sonra səfir Con Herbstə verdiyi müsahibədə səsləndirib.

Paşinyan İrəvan və Ankara arasında daimi əlaqələrin mövcud olduğunu və Türkiyə ilə ünsiyyətdə heç bir maneənin olmadığını bildirib: “Biz Türkiyə ilə dialoqu davam etdiririk və davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki qədər fəal dialoq aparmayıb. Əslində, Türkiyə ilə ünsiyyətdə heç bir maneə yoxdur, biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz mütəmadi olaraq görüşür və danışırlar, nümayəndələrimiz də daimi əlaqə saxlayırlar. Çox fəal işləyirik və nə edilməli olduğu barədə ümumi bir anlayış var”.

Nikol Ermənistan və Türkiyə arasındakı dialoqda müəyyən detallara diqqət çəkərək, konkret addımların atılmasının vacibliyini vurğulayıb: “Bəzi nüanslar var və real nəticəyə nail olmaq üçün müəyyən yekun addımlar atılmalıdır. Ümid edirik ki, nəticə çox tezliklə əldə olunacaq”.

Maraqlıdır, Paşinyan “Ermənistan və Türkiyə heç vaxt indiki qədər fəal dialoq aparmayıb” deyərkən nəyi nəzərdə tutur, harda olub belə dialoq?

“Paşinyan elə görüntü yaratmaq istəyir ki, guya Bakıdan xəbərsiz İrəvanla Ankara arasında dərin dialoq var”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan bununla bağlı bəzi məqamları şişirdir: “Düzdür, Ermənistanla Türkiyə arasında normallaşma prosesi ilə bağlı danışıqlar gedir. Bununla bağlı hər iki tərəf müvafiq nümayəndələr təyin edib və indiyə qədər də Türkiyənin bu prosesdə nümayəndəsi Sərdar Kılıcla Ermənistanı təmsil edən Ruben Rubinyan arasında bir neçə görüş keçirilib. Bu təmaslar hər kəsə bəllidir. Paşinyan da uzun illərdən sonra normallaşma prosesi istiqamətində olan bu təmasları iki ölkə arasında dialoq olaraq təqdim edir. Ancaq Paşinyan elə görüntü yaratmaq istəyir ki, guya Bakıdan xəbərsiz İrəvanla Ankara arasında dərin dialoq var. Əslində isə belə deyil. Türkiyə hər zaman bu danışıqlarda Azərbaycanın mövqeyini nəzərə alır. Türkiyənin şərti odur ki, Azərbaycanla sülh sazişi imzalayın, ondan sonra sərhədlər açılacaq. Baxmayaraq ki, Bayden administrasiyası heç bir şərt olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çox çalışdı, amma Ankara buna getmədi. O baxımdan, Ermənistan nə qədər çalışsa belə, sözügedən məsələlər bir-biri ilə üzvi şəkildə bağlıdır. Paşinyan çalışır ki, ayrı-ayrı beynəlxalq güclər sərhədlərin açılması məsələsində Türkiyəyə təzyiq göstərsinlər. Xüsusən də onların bununla bağlı Birləşmiş Ştatlardan gözləntiləri böyük olub. Ancaq Baydendən fərqli olaraq, Tramp administrasiyasının bununla bağlı Türkiyəyə hansısa təzyiq edəcəyini düşünmürəm. Paşinyan dərk edir ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı qalması Ermənistanın Gürcüstan və İrandan asılılığını artırır. Türkiyə ilə sərhədlər açılsa, Ermənistanın Rusiyadan asılılığı əhəmiyyətli dərəcədə azalacaq. Bu isə Azərbaycanla sülh sazişindən keçir”.

Vidadi ORDAHALLI





Chosen
24
baki-xeber.com

1Sources