Vüqar Bayramov: “Pensiya artımları 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq”
Prezident İlham Əliyevin yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamı bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda növbəti artımların təmin edilməsinə və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində ardıcıl xarakter alan tədbirlərin bu il də uğurla davam etdirilməsinə imkan yaradır.
Sərəncamla 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar, Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb.
Onu da qeyd edək ki, pensiya artımları pensiyaçıların hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac qalmadan və elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir.
Qeyd edək ki, əmək pensiyalarının indeksləşdirilməsi “Əmək Pensiyaları” haqqında Qanuna əsasən həyata keçirilir. Sözügedən qanuna əsasən, bütün növ əmək pensiyaları əvvəlki ildə ölkə üzrə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır.
“Məbləğindən asılı olmayaraq, hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq”
Əmək pensiyalarının indeksləşdirilməsi barədə fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qanunvericiliyə əsasən, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur: "Bu zaman indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək artım hesablanır. Artımın hesablanması isə belədir: Pensiya məbləği x İndeksasiya faizi = Artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq: 550 manat x 8.1% = 44.55. Yəni, vətəndaşımızın pensiya məbləği artımdan sonra 594.55 manat olacaq. Və ya 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır: 400 manat x 8.1% = 32.4 manat. Bu halda yeni pensiya məbləği 432.4 manat olacaq. Yəni məbləğindən asılı olmayaraq, hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılacaq”.
Millət vəkilinin sözlərinə görə, indeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq. Onu da deyim ki, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır. Pensiya artımları 1 milyon 100 min vətəndaşımıza şamil olunacaq".
Günel CƏLİLOVA