EN

"İctimai Şuraların fəaliyyəti təkmilləşdirilməli və vahid sistemlə əlaqələndirilməlidir" - Əliməmməd Nuriyev

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a verdiyi açıqlamada ictimai şuraların fəaliyyət dövrü və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi zərurətini vurğulayıb:

"İctimai şuraların səlahiyyət müddəti də müzakirə edilməlidir. Hazırda iki il müddətinə fəaliyyət göstərən şuraların davamlılığı və dayanıqlığı üçün bu müddətin üç və ya dörd il olması daha məqsədəuyğun ola bilər. Bu, həm şuranın oturuşmasına, həm də qarşıya qoyulan məqsədlərin tam yerinə yetirilməsinə kömək edəcəkdir". 

Əliməmməd Nuriyev həmçinin şura üzvlərinin bilik və bacarıqlarının artırılması məqsədilə mütəmadi təlimlər, seminarlar və treninqlərin təşkilinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsləri mövcud olsa da, proqramların daha da genişləndirilməsi lazımdır. Təlimlər yalnız ictimai şura üzvləri üçün deyil, həm də dövlət qurumlarının nümayəndələri üçün keçirilməlidir ki, qarşılıqlı əməkdaşlıq daha effektiv olsun:

"Bununla yanaşı, ictimai şuraların fəaliyyətini gücləndirmək üçün yerli və beynəlxalq ekspertlərlə əməkdaşlıq edilməli, təcrübə mübadiləsi imkanları genişləndirilməlidir. Xarici ölkələrdə ictimai şuraların fəaliyyəti ilə tanış olmaq və ən yaxşı təcrübələri ölkəmizdə tətbiq etmək bu institutun inkişafına mühüm töhfə verə bilər. Bütövlükdə, ictimai şuraların daha effektiv fəaliyyət göstərməsi üçün onların vahid bir sistem altında əlaqələndirilməsi zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası Prezidenti yanında İctimai Şuranın yaradılması təklif edilə bilər. Bu qurum bütün ictimai şuraların fəaliyyətini əlaqələndirən, onların hesabatlılığını təmin edən və ümumi fəaliyyət prinsiplərini müəyyənləşdirən bir institut ola bilər. Bu, ictimai nəzarət mexanizmini daha da gücləndirəcək və ictimai şuraların cəmiyyətdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaradacaqdır".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
9
qht.az

1Sources