EN

Azərbaycanlı qanunsuz miqrantlar ABŞ-dakı məşhur Quantanamo həbsxanasına köçürülə bilər...

Image

Azər Allahverənov: “Deportasiya prosesi şəxsin statusundan asılı olaraq dəyişə bilər”

ABŞ İmmiqrasiya Agentliyi deportasiya təhlükəsi ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib. Siyahıya digər ölkələrlə yanaşı, 709 Azərbaycan, 3103 Türkiyə, 3518 Rusiya, 1862 Ukrayna və 2808 Ermənistan vətəndaşı daxildir. Vətənlərinə göndərilməsi planlaşdırılan ən çox miqrant Latın Amerikası ölkələrinin - Honduras, Qvatemala, Meksika və El Salvadorun payına düşür. 

Xatırladaq ki, ABŞ-nin yeni Prezidenti Donald Tramp hələ seçkiqabağı kampaniya dönəmində ölkəsində miqrantlara qarşı tədbirləri sərtləşdirəcəyini açıqlamışdı. Qeyd edək ki, “Bloomberg” Trampın hakimiyyəti dönəmində 1 milyona yaxın xarici ölkə vətəndaşının ABŞ-dən deportasiya ediləcəyini yazmışdı. Deportasiya olunmalı olan qeyri-qanuni miqrantların bir hissəsinin ABŞ-ın Kubadakı həbsxanası olan Quantanamo həbsxanasına göndəriləcəyi bildirilir. Məlumdur ki,  Quantanamo terror ittihamı ilə saxlanılan şəxslərin göndərildiyi həbsxana hesab olunur. 

Maraqlıdır, ABŞ-dan deportasiya olunan azərbaycanlıların aqibəti görəsən necə olacaq? Onları da Quantanamoya göndərəcəklər?

“İstənilən halda deportasiya prosesi sistemli şəkildə həyata keçirilməlidir, insanların hüquq və azadlıqları tam şəkildə təmin edilməlidir”

Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Amerikada çoxlu sayda miqrantın aşkarlanması ilə bağlı məlumat yayılıb. Həmin miqrantların 709 nəfəri məhz azərbaycanlılardır: “İlk olaraq həmin şəxslərin Amerika ərazisinə hansı yolla daxil olduğu araşdırılacaq. Beynəlxalq təcrübədə də belə bir qayda var ki, şəxs deportasiya olunan zaman hansı ölkədən gəlibsə, ora da geri göndərilir. Bu dərhal verilən qərar deyil, çünki məlum olay dəqiqləşdirmə tələb edir. Ola bilər ki, Amerikadan hansısa ölkələrə çarter reyslər açılsın, bu reys Azərbaycana da açıla bilər. Həmin reys vasitəsilə deportasiya həyata keçirilə bilər”.

Həmsöhbətimizin sözlərinə görə, 709 azərbaycanlının Amerikadan deportasiya olunmasına dair qərar verilibsə, həmin şəxslər deport olunacaq: “Ancaq deportasiya prosesi şəxsin statusundan asılı olaraq dəyişə bilər. Dəqiqləşdirmə prosesi aparılan zaman ABŞ-ın müvafiq strukturları ilə yanaşı,  Miqrasiya Agentliyi və digər qurumlar da prosesə cəlb oluna bilər. Eyni zamanda,  Azərbaycan Respublikasının diplomotik nümayəndələri bu prosesdə iştirak edə bilər. Bu beynəlxalq hüququn tələbidir”.

ABŞ-dan deportasiya olunan azərbaycanlıların sonrakı aqibətinə gəlincə, millət vəkili qeyd etdi ki, 709 nəfərin hansı ölkəyə gedəcəyini zaman göstərəcək: “Elə insanlar var ki, Amerikaya getməzdən öncə bütün malını-mülkünü satıb. Həmin şəxs ordan deportasiya olunandan sonra onların ölkəyə reinteqrasiya olunması çətin olacaq. Bu da şəxsin maddi imkanı və digər göstəricilərindən asılıdır. İstənilən halda deportasiya prosesi sistemli şəkildə həyata keçirilməlidir, insanların hüquq və azadlıqları tam şəkildə təmin edilməlidir. Bəzi hallarda elə şəxslər var ki, Azərbaycan vətəndaşı olduğunu deyir, onun kimliyini dəqiqləşdirmək üçün sorğu göndərilir. Sorğu zamanı bəzi şəxslərin Azərbaycan vətəndaşı olduğunu müəyyən etmək çətin olur. Belə olan halda   həmin miqrantların deport prosesinin necə olacağı sual yaradır.  Ümumiyyətlə, yaxın vaxtlarda deportasiya ilə bağlı sualların cavabı tək Amerikanın Miqrasiya Agentliyində deyil, digər strukturlar da cavab verməlidir.  Nəzərə almaq lazımdır ki, 1 milyon yarım qanunsuz miqrantın deportasiyası ilə bağlı qərar varsa, bu olduqca ağır prosesdir”.

Günel CƏLİLOVA





Chosen
89
41
baki-xeber.com

10Sources