EN

Metyu Brayza: “Tramp Əliyevlə sülh sazişini yekunlaşdıra bilər”

ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza Teleqraf-ın suallarını cavablandırıb. 

Herbiand.az sabiq səfiri müsahibəsini təqdim edir:

- ABŞ-nin yeni rəhbərliyinin Azərbaycan ilə bağlı siyasətinin prioritetləri nələr olacaq? Əvvəlki siyasi rəhbərliklə müqayisədə nə kimi dəyişikliklər gözlənilir? Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində yeni ABŞ hökumətinin rolunu necə qiymətləndirirsiniz?

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Azərbaycan və ya Ermənistanla bağlı siyasətinin necə olacağını demək hələ tezdir. Bu məsələ, yaxud Azərbaycan ilə Ermənistan arasında sülh sazişi məsələsi onun seçki kampaniyasında ümumiyyətlə gündəmdə olmayıb. O, hələ bu barədə heç bir açıqlama da verməyib. Bununla belə, inanıram ki, Trampı andiçmə mərasimində dediyi kimi, sülhsevər lider olmaq arzusuna uyğun olaraq, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyana sülh sazişini yekunlaşdırmaqda köməyə cəlb etmək mümkündür. Lakin onun bunu edib-etməyəcəyini demək üçün hələ tezdir. O, indiyə qədər əsasən digər xarici siyasət məsələlərinə , o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və İsrail-Qəzza münaqişəsində sülh yaratmaq kimi məsələlərə diqqət yetirib.

- Keçmiş ABŞ Prezidenti Cozef Bayden dövründə imzalanan Ermənistanla strateji tərəfdaşlıq haqqında sazişin taleyi necə olacaq?

Fikrimcə, ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlığı Ermənistanın Baş naziri Nikol Paşinyana Prezident İlham Əliyevlə sülh sazişini yekunlaşdırmaq üçün kifayət qədər inam verə bilər. Eyni zamanda, Bayden administrasiyasının Ermənistanla əldə etdiyi razılaşma da Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində işləmək qərarına təsir göstərə bilər. Amma Ağ Ev rəhbərinin Ermənistanla strateji tərəfdaşlıq razılaşmasını davam etdirib-etdirməyəcəyini demək mümkün deyil.

- Tramp və komandasının Ukrayna-Rusiya müharibəsinin həlli üçün atacağı addımlar sizdə ümid oyadırmı? ABŞ-nin səyləri sülh üçün kifayət edəcəkmi?

Prezident Trampın Rusiya-Ukrayna müharibəsini bitirəcəyinə dair iddiaları müsbət mənada məni ruhlandırır, lakin artıq bilirsiniz ki, o, bunun ilk iş günündə mümkün olmayacağını deyib və indi buna 100 günün lazım olacağından danışır. Ağ Ev lideri, razılaşma əldə edən bir şəxs kimi tanınır, kəskin fikir ayrılıqları olan iki və ya daha çox tərəfi bir araya gətirib razılığa gəlmələrinə kömək etməkdən qürur duyur. Bu da o deməkdir ki, Tramp, Ukrayna xalqının qəbul etməyəcəyi bir razılaşmaya yol verə bilməyəcəyini, eyni zamanda Rusiya tərəfinin də qəbul edəcəyi bir razılaşmanın vacibliyini anlayır. Onun bu məsələdə uğur qazanıb-qazanmayacağını bilmirəm, amma ən azından cəhd edəcəyi üçün məmnunam. Aydındır ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatmasını istəyir. Rusiya lideri Putinin bunu hazırda istəyib-istəmədiyini bilmirəm, amma nəhayət, o da müharibənin bitməsini istəyəcək. Düşünürəm ki, Donald Tramp həmin vaxt yetişəndə kömək edə biləcək mövqedə olacaq.

- Donald Trampın Qrenlandiya və Kanada ilə iddiaları nə dərəcə real görünür? Bu məsələlər ABŞ-nin ənənəvi müttəfiqləri olan Kanada, Danimarka və ümumilikdə Avropa İttifaqı ilə münasibətlərinə necə təsir göstərəcək?

Donald Trampın Qrenlandiya və Kanada ilə bağlı iddialarına gəlincə, əvvəlcə biz bunların ciddi olmadığını və sadəcə danışıqlar üçün taktiki gediş olduğunu düşündük. Lakin görünür, o, həqiqətən də Qrenlandiyadakı strateji xammal resurslarına çıxış əldə etməkdə maraqlıdır. Onun Qrenlandiyanın ABŞ-nin bir hissəsinə çevrilə biləcəyinə dair inamı isə hələ aydın deyil. Məncə, bu, mümkün deyil və Qrenlandiya xalqı da ABŞ-nin bir hissəsi olmaq istəmir.

Kanadanın ABŞ-nin bir hissəsi olmasına gəldikdə isə bu, tamamilə mümkünsüzdür. Kanada bunu heç vaxt etməz. Prezident Trampın NATO müttəfiqi olan Danimarkaya qarşı hərbi gücdən istifadə ehtimalından danışmasının təhlükəli olduğunu düşünürəm, xüsusilə də bu Qrenlandiyanı ələ keçirmək məqsədi daşıyırsa. İkinci Dünya müharibəsindən sonra sülhü qorumaqda uğurlu olmuş NATO-nun təhlükəsizlik strukturu üzv dövlətlərə hücum olunduqda ABŞ-nin onların köməyinə gələcəyinə əsaslanır. Bu baxımdan, Prezident Trampın Qrenlandiya kontekstində NATO üzvü olan bir dövlətə qarşı güc tətbiqini istisna etməməsi, məsələn, Rusiyanın Danimarkaya hücum edəcəyi təqdirdə ABŞ-nin ona yardım edəcəyi ilə bağlı çəkindirici təsiri zəiflədə bilər.

Chosen
67
50
herbiand.az

10Sources