EN

“Oğru elə bağırdı, doğrunun bağrı yarıldı”- Rusiya günahı ekipaj üzvlərinin üzərinə atmaq istəyir 

Rusiya günahı ekipaj üzvlərinin üzərinə atmaq istəyir 

Rusiya  Azərbaycanı regionda özünə ən etibarlı müttəfiq, strateji tərəfdaş hesab edir. İki ölkə arasında əməkdaşlıq sahələrini əhatə edən çoxsaylı sənədlər imzalanıb. Konkret olaraq, Rusiya ilə Azərbaycan hərbi sahədə əməkdaşlıq edir, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında səylərini əsirgəmirlər. Hazırda Rusiya Ukrayna ilə apardığı müharibəyə görə, Avropa dövlətləri, ABŞ və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən sanksiyalara məruz qalıb. Beynəlxalq aləmdən təcrid olunan Rusiyadan regional dövlətlər də üz döndərib. Konkret olaraq Gürcüstan və Ermənistan bu ölkə ilə münasibətləri soyudaraq qərbmeyilli siyasət yürüdür. Azərbaycan isə Rusiya ilə müttəfiqliyinə sadiq qalaraq açıq siyasət yürüdür, hətta Rusiyaya tətbiq olunmuş sanksiyalardan qurtulmaq üçün nəfəslik də verməkdən qaçmır. Düzdür, siyasətdə səmimilik arxa plana keçir, ancaq Azərbaycanın bütün səmimi davranışlarına baxmayaraq  Rusiya imperialist siyasətindən yaxa qurtara bilmir. Rusiya tərəfindən ölkəmizə qarşı dəfələrlə edilən təxribatlar, təzyiq və təhdidlərə dözümlü yanaşma sərgilənib, diplomatik gedişlərlə iki dövlət arasındakı münasibətlərin korlanmasının qarşısı alınıb. Çox təəssüf ki, Rusiya tərəfi bu istiqamətdə atılan addımları görməzdən gələrək məkrli siyasətini davam etdirməkdədir. Rusiya ölkəmizə qarşı aqressiv siyasətini ötən il dekabrın 25-də  "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin vurulmasından sonra daha açıq şəkildə nümayiş etdirir. Belə ki, "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıqlamasından sonra da Rusiya tərəfi hadisəyə qərəzli yanaşmasını dayandırmır. İlkin hesabatdan aydın olur ki, Bakıdan Qroznıya J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən "Azərbaycan Hava Yolları" QSC-yə məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Hesabatda qeyd olunur ki, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilib ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub və foto, habelə video qeydiyyata alınıb. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.Təyyarənin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərin təsiri nəticəsində formalaşması barəsində məlumat təqdim edilib. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına işarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməyib.Təyyarənin qalıqlarının kor zədələrində olan, hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib. Hesabatda bildirilir ki, 05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispetçer "Ковер" əməliyyatı barədə Qoznıya məlumat verir. Hesabatda oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmayıb. Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habelə audio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkin hesabatın mətnində verilib.

Hesabatdan göründüyü kimi, "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin qəzaya uğramasında səbəbkar Rusiya tərəfidir. Lakin Rusiya birmənalı olaraq məsuliyyətdən yayınır, qəza nəticəsində zərər çəkənlərə kompensasiya ödəməkdən imtina edir. Üstəlik dövlətin nəzarətində olan media vasitəsilə ölkəmizə qarşı qarayaxma kompaniyası aparır. Məlum hesabat yayıldıqdan sonra  Rusiya şər-böhtan kompaniyasını  daha da genişləndirib. Belə ki, Rusiyanın aidiyyəti qurumları, xüsusən də "Rosaviasia" məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Bu məsələdə Rusiya mətbuatı sözün əsil mənasında təbliğat ruporu rolunu oynayır. Reallıq ondan ibarətdir ki, Rusiya tərəfi öz günahını ört-basdır etməkdən ötrü bütün mümkan variantlara əl atıb. Əsasən də  məsuliyyəti təyyarə heyətinin üzərinə atmaq niyyəti güdür.  Bunu rəsmi qurumların, ayrı-ayrı şəxslərin açıqlamalarından, eləcə də Rusiya mətbuatında gedən materiallardan aydın sezmək mümkündür. Sözügedən materiallardan yalnız bir nəticə çıxarmaq mümkündür: "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı". 

Rusiya tərəfi bununla "Malayziya Boing-2" vəziyyəti yaratmaq niyyəti güdür. Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.Rusiya rəsmilərinin, ekspertlərinin və mətbuatının AZAL-ın təyyarəsi ilə bağlı addımları onların eyni taktikanı seçdiyini söyləməyə əsas verir. Lakin araşdırmaların nəticələri, qəzanın ardıcıllığı, faktlar və dəlillər başqa şey deyir. Əslində isə atəş əmri verənlərin və atəş açanların kimliyi Azərbaycan tərəfinə bəllidir. Rusiyalı müstəntiqlər isə atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyir, dindirmə zamanı məhz bu suala cavab almağa çalışırlar.Azərbaycan tərəfinə atəşin hansı silahdan açıldığı da məlumdur. Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters" agentliyinə bildirib ki, təyyarə Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi ilə vurulub.Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın qarşı təərfdən nə istədiyi ali səviyyədə elan edilib. Artıq qeyd olunduğu kimi, Azərbaycanın əlində təyyarənin vurulduğu "Pantsir-S" raketlərinin hissələri var. Sübut bazası formalaşır, faktlar, dəlillər toplanır və beynəlxalq məhkəməyə müraciət etmək istiqamətində hazırlıq işlər aparılır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
12
olaylar.az

10Sources