EN

Bir daha Emin Əmrullayevə səslənirəm: Bitir bu repetitorluq zillətini!

Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayev dünən mətbuat konfransı keçirdi.

Bəribaşdan deyim ki, nazirlərin mediaya açıq olması, birfinqlər təşkil etməsi, ictimaiyyəti maraqlandıran suallara cavab verməsi olduqca vacib və yaxşı təcrübədir.

Elm və Təhsil naziri öz timsalında bu baxımdan müsbət bir ənənə yaradıb, təqdir olunmalıdır.

Nazirin mətbuat konfranslarını diqqətlə izləyir, bir çox mövzuları tabudan çıxarmaq cəhdlərini də təqdir edirəm. Elm və təhsil sistemimizə yeni bir dinamikanın gəlməsi göz önündədir, üstəlik, bu dinamikanın sürətləndirmək zamanın qarşımıza qoyduğu milli vəzifədir.

Səbəblərini deyim.

Cəmi 4 il ərzində Süni İntellekt çağımızı, həyatımızı, dünyamızı kökündən dəyişəcək.

Cəmi 4 il sonra Super Süni İntellekt bu günkü “ata”ları kimi insanlara “texniki köməkçi” funksiyasını dəyişib insan üstü düşünən bir vasitə olacaq.

Əcdadlarımızın odu, metalı, təkəri, gəmini, buxar maşınlarını, mətbəəni kəşf etməsi dünyaya köklü dəyişikliklər bəxş elədi. İndi bircə-bircə bu dəyişikliklərin nədən ibarət olduğunu sadalamağa gərək yoxdur. Eyni inqilabı Super Zəka edəcək.

Odur ki, Azərbaycanda “Süni İntellektin tənzimlənməsi haqqında” yox, “Süni İntellektin inkişafı və tənzimlənməsi” haqqında qanun qəbul edilməli, bununla eyni zamanda “Təhsil haqqında” kökündən dəyişməli, “Elm və elmin tətbiqi haqqında” yeni qanun qəbul edilməlidir.

Bu ilin sonunadək demirəm, yeni təhsil ili başlayana qədər bu üç əlahiddə çağırışa reaksiya verməli, qanun layihələrini masaya qoymalı, qəbul etməliyik. Vaxt gözləmir!

Əlbəttə, bütün bu işləri Elm və Təhsil Nazirliyi təkbaşına görə bilməz, bu qurumun həm imkanı, həm də səlahiyyəti çərçivəsindədir. Ancaq əsas ağırlıq, əsas məsuliyyət məhz Elm və Təhsil Nazirliyinin, onun təşəbbüskarlığının, çoxsaylı qurumlarında cəmlənən datalara əsaslanan gələcəyə konseptual baxışının üzərinə düşür. Odur ki, Elm və Təhsil Nazirliyi formal dəyişikliklərə, sertifikatlaşdırma və s. kimi texniki, açıq desək, bəzən sui-istifadə hallarına da yol açdığı dilə gətirilən məsələlərə deyil, problemin məğzinə odaqlanmalıdır.

Süni İntellektdən, Super Zəkadan danışırıq. Dediyim kimi, danışmağa, çözüm tapmağa məcburuq. Gəlin məsələyə bir də bu açıdan baxaq: Super AzərZəkanı data ilə təmin etməyə bizim Elmlər Akademiyamız, universitetlərimiz, institutlarımız, kolleclərimiz, orta və orta ixtisas məktəblərimiz nə qədər səmərəlidir?

Bu sual üzərində düşünərkən pessimizmə bürünməmək əldə deyil. Əgər bir ölkənin Texniki Universiteti dünyanın 100 demirəm, heç 1000 universiteti arasına da düşə bilmirsə, reytinq sistemləri belə bir universiteti axtarıb tapmağa çətinlik çəkirsə, papağımızı qarşımıza qoyub çarə tapmalıyıq.

Bəli, bu gün Elmlər Akademiyası öz üzərinə düşən funksional görəvləri yerinə yetirə bilmir.

Bəli, bu gün Azərbaycan universitetləri öz təməl missiyasından çıxıb kollec rolunu oynayır, diplom verməklə məşğuldur.

Bəli, bu gün kolleclərimiz orta məktəb müəllimi hazırlaya bilməyəcək duruma düşüb, nazir bu məsələdə haqlıdır.

Bəli, bu gün orta məktəblərimiz, sadəcə, parta yığını, repetitotların dövlətdən rəsmi maaş aldığı “günü yola vermə” mərkəzləridir.

Chosen
32
aznews.az

1Sources