EN

“Mavi balina” qayıtdı? - Necə edək ki, “balina” övladlarımızı “udmasın”?

Son dövrlər bütün dünyada uşaqları eləcə də, yeniyetmələri intihara sövq edən oyunlar hər bir ailənin qorxulu yuxusuna çevrilib.

Elə yaxın günlərdə Yardımlıda 15 yaşlı Ələkbər Şükürlünün belə oyunların birinin qurbanı olaraq, intihar etdiyi deyilir.

Bəs bu oyunlar uşaqları necə aldadır? Valideynlər nə etməlidir ki, övladları belə oyunların qurbanına çevrilməsin?

Bəhruz Əliyev: Belə oyunlar anonim forumlar və ya şifrələnmiş mesajlaşma platformaları vasitəsilə yayılır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, ekspert Bəhruz Əliyev bildirib ki, təhlükəli oyunlar, xüsusilə yeniyetmələr və psixoloji baxımdan həssas fərdlər üzərində dərin təsir buraxa bilər. Bəzi psixoxloji təcrübə və terminləri sadalayaraq başlamaq mümkündür. Operant Şərtləndirmə nəzəriyyəsinə əsasən, müsbət və ya mənfi gücləndiricilər insanların davranışlarını formalaşdırır:

"Belə oyunlar tez-tez "mərhələ-mərhələ" sistemindən istifadə edir. Məsələn, oyunda öncə sadə tapşırıqlar verərək oyunçunu cəlb edir, sonradan isə onları getdikcə daha təhlükəli tapşırıqları yerinə yetirməyə məcbur edir. Stanford Həbsxana Eksperimenti (1971) göstərdi ki, insanları müəyyən bir rollara saldıqda və onlara psixoloji təzyiq göstərdikdə, onlar öz davranışlarını uyğunlaşdırmağa meylli olurlar. Təhlükəli oyunlarda da oyunçular təzyiq altında qalıb tapşırıqları yerinə yetirmək məcburiyyətində hiss edirlər".

Ekspert bildirib ki, "FOMO (Fear of Missing Out) – “nəyisə qaçırmaq qorxusu” deməkdir. Bu, insanların ətraflarındakı hadisələrə qoşulmamaq və ya başqalarının təcrübələrindən geri qalmaq qorxusudur. FOMO psixoloji bir fenomen olub, xüsusilə sosial media istifadəsi ilə daha da güclənir:

“Qeyd edilən bu məqamları nəzərə alaraq bilməliyik ki, mənfi oyunları təşkil edənlər bu tipli psixoloji nəzəriyyələri yaqin ki, göz ardı etməyiblər. Belə oyunlar əksər hallarda qapalı sosial media qrupları, anonim forumlar və ya şifrələnmiş mesajlaşma platformaları vasitəsilə yayılır".

Müsahibimiz ​ad çəkməsə də, qeyd edib ki, bir çoxlarının eşitdiyi zərərli oyunlar sosial şəbəkə platformasında yayılmışdı və bənzər təcrübələrin yenidən yaranması istisna deyil. Burada administratorlar iştirakçıları tapır, onlara fərdi şəkildə mesaj göndərir və onları intihara qədər aparan tapşırıqlara məcbur edirdilər:

"Qurbanlara hədələyici mesajlar göndərilir və oyundan çıxdıqları təqdirdə onların şəxsi məlumatlarının ifşa ediləcəyi bildirilə bilər. Bu halların qarşısını almaq ona görə çətindir ki, oyunlar rəsmi tətbiq mağazalarında olmur, bu da onların aşkarlanmasını çətinləşdirir. Hüquq-mühafizə orqanları tez-tez bu cür məzmunları izləməkdə çətinlik çəkirlər, çünki cinayətkarlar VPN-lərdən və ya digər anonim şəbəkələrdən istifadə edirlər".

Ekspert belə halların qarşısını almaq üçün atılması lazım olan tədbirlərdən bəhs edib:

"Maarifləndirmə və rəqəmsal savadlılıq məktəblərdə və ailələrdə uşaqlara kibertəhlükələr və internetdəki risklər haqqında davamlı məlumat verilməlidir.

Valideyn nəzarəti və filtrasiya sistemləri ilə uşaqların internetdəki fəaliyyətini izləmək üçün proqramlardan istifadə olunmalıdır.

Sosial media platformalarının məsuliyyəti hiss etməlidir Facebook, TikTok, Telegram kimi platformalar təhlükəli məzmunların yayılmasının qarşısını almaq üçün daha ciddi süzgəclər tətbiq etməlidir.

Bu tip oyunlar sadəcə fərdi problem deyil, həm də sosial bir təhlükədir. Ona görə də, həm texnoloji platformalar, həm dövlətlər, həm də cəmiyyət birlikdə mübarizə aparmalıdır".

Vüsalə Əmiraslanova: Bəzən oyunlarda uşaqlar təhdid xarakterli məqamların öhdəsindən gələ bilməyərək intihar edir

Psixoloq Vüsalə Əmiraslanova mövzu ilə bağlı Bakıvaxtı.az-a təəssüflə bildirib ki, yeniyetmələrin təsir altına düşməsi çox asandır. Ümumiyyətlə, uşaqların, gənclərin belə tez təsir altına düşməsinin bir çox səbəbləri var:

“Ailə problemləri olan, istədiyi kimi ünsiyyət qura bilməyən insanlar təsir altına çox tez düşə bilir. Yenə də, hər bir halda uşaqların bu cür psixolji cəhətdən zəif olması ailədən, valideynlərdən asılıdır”.

“Valideynlər asudə vaxtlarda övladları ilə daha çox maraqlansa, onların boşluğa düşməyinə imkan verməsə, hər hansısa bir oyuna, proqrama meyil etdiyini, telefondan asılı vəziyyətdə qaldığını görsə, dərhal müdaxilə etməli, ən azından bir psixoloqla məsləhətləşməlidir”, - deyə psixoloq bildirib.

V.Əmiraslanova vurğulayıb ki, illərdir bu problem gündəmdədir. Belə oyunların təsirləri çoxdur. Bəzən oyunlarda təhdid xarakterli məqamlar olur, uşaqlar isə bunun öhdəsindən gələ bilməyərək intihara üz tuturlar:

“Tövsiyə edirəm ki, övladlarınızı ildə 1 dəfə belə olsa, psixoloq yanına aparın, bu onların sağlam ruhlu, güclü iradəli böyümələrində çox kömək olacaq”.

Nuriyyə Musayeva

Chosen
32
bakivaxti.az

1Sources