EN

Deputatlar cərimə ödəməyəcək - “Onları sıravi vətəndaşlardan niyə ayıraq?”

Türkiyədə qəbul edilən yeni qanuna əsasən, hazırda parlamentdə təmsil olunan və 3600 keçmiş millət vəkilinə qəribə imtiyaz nəzərdə tutulacaq. Yol hərəkəti qaydalarının pozuntusundan asılı olmayaraq, deputatlar cərimə ödəməyəcək.

Geniş müzakirəyə və etirza səbəb olan bu sayaq güzəşt və imtiyazların Azərbaycanda tətbiqi necə qarşılanardı?

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir xüsusi imtiyaza ehtiyac yoxdur:

“Ümumiyyətlə, vəzifəli şəxsləri vətəndaşdan hədsiz ayırmaq məncə məqbul yol deyil. Hamı ümumi qaydalara əməl etməlidir. Xidməti vəzifəsini yerinə yetirərkən, cərimə yazılırsa, bunu müəyyən dərəcədə nəzərə almaq olar. Amma bütövlükdə şəxsi və yaxud hansısa bir tədbirlə bağlı bütün vətəndaşlar kimi, deputatlar da məsuliyyət daşımalıdır.

Məsələn, hər hansı bir xidməti vəzifə ilə bağlı hansısa rayonda xüsusi tədbirə qatılırsa, onda sürət həddini aşmağa gələn cəriməni əsaslandıra bilirsə, onu nəzərə almaq olar. Amma digər, şəxsi məqsədlərlə qayda pozuntusu edən zaman onları sıravi vətəndaşlardan niyə ayıraq?

Belə bir imtiyazın olması cəmiyyətdə də müəyyən narazılıqlar yaradar və bir az da ədalətsiz görünür”.

F. Mustafa  elə bir qaydanın tətbiqinin cəmiyyətdə düzgün qəbul edilməyəcəyini diqqətə çatdırıb:

“Məsələyə daha çox işgüzar kontekstdən yanaşmaq lazımdır. Xidmət, yaxud hansısa bir vəzifəni yerinə yetirərkən zəruri tələskənlik və ya pozuntu varsa, bunu nəzərə almaq olar. Amma ümumi qaydalarda, şəxsi məqsədlə, yaxud özünün şəxsi avtomobilində hansısa bir hərəkət edirsə, bunu vətəndaşlardan fərqli bir qaydaya yönəltmək fikrimcə, doğru sayılmaz”. 

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
30
1
yenisabah.az

2Sources