EN

Linkolna qəsdin kölgəsində qalan faciə

1863-cü ildə istifadəyə verilən “Sultana”nın uzunluğu 79 metr, eni 13 metr idi. O, təkərli çay paroxodu idi. Yan tərəflərindəki iki təkər dörd buxar qazanı vasitəsilə hərəkətə gətirilirdi.

Əslində ticarət məqsədi ilə inşa edilən gəmi həmin vaxt ABŞ-da gedən vətəndaş müharibəsi üzündən tez-tez hərbi məqsədlər üçün istifadə olunurdu: şimallılar onunla hərbi qüvvələrini daşıyırdılar. Heyət də daxil olmaqla 376 nəfər üçün nəzərdə tutulan gəmiyə belə hallarda daha çox adam mindirilirdi.

1865-ci ilin yazında Vətəndaş müharibəsi artıq bitmək üzrə idi. Müharibə dövründə cənublulara əsir düşən şimallı əsgərlər azad edilir və müxtəlif yollarla evlərinə göndərilirdilər. ABŞ hökuməti gətirilən hər sıraviyə görə gəmi kapitanına 2,75 dollar, zabitə görə isə 8 dollar ödəyirdi.

Missisipi çayı sahilində yerləşən Viksburq şəhərinin baş indentantı “Sultana”nın kapitanı Ceyms Meysona sövdələşmə təklif etdi. Təklifə görə indentant kapitan üçün xeyli əsir təşkil edəcək, əvəzində Meyson ona görüm-baxım edəcəkdi. Meyson razılaşdı, amma əvvəlcə Nyu Orleana getməli idi, əsirləri qayıdanda götürəcəkdi.

Aprelin 21-cə Nyu Orleandan çıxan paroxodun qazanın su borusunda sızma meydana gəldi. Viksburqa çatandan sonra çağırılan mexanik sızan yeri kəsməyi və yerinə yeni tikə qoymağı təklif etdi. Amma bu, bir neçə gün çəkəcəkdi və əsirləri başqa gəmilər aparacaqdı. Meyson mexanikə sızan yerə metal yamaq yapışdırmasını söylədi.

Viksburqdan yola düşəndə “Sultana”da heyət və mülki sərnişinlər də daxil olmaqla 2200-ə yaxın adam vardı ki, bunun da 2000-ə yaxını keçmiş hərbi əsirlər idi. Darısqal şəraitə baxmayaraq onların hamısı sevinc içində idilər: aylarla, illərlə ayrı düşdükləri ailələrinə, evlərinə qovuşacaqdılar.

Aprelin 27-də gecə saat 2-də qazanlardan əvvəlcə biri (yəqin ki, qazanda suyun azalması nəticəsində), sonra daha ikisi partladı. Partlayış və iki böyük tüstü borusunun aşması nəticəsində xeyli adam dərhal öldü. Taxta gəmidə yanğın başladı və tezliklə batdı. Qəza yerində çayın eni 6 kilometrə çatırdı, bu da üzərək xilas olmağı çətinləşdirirdi. Üstəlik, su soyuq idi.

O dövrün rəsmi rəqəmlərinə görə  qəzada 1547 nəfər həlak oldu. Müasir dövrdə isə ölənlərin 1700-dən çox olduğunu iddia edilir. Çox pul qazanmaq istəyən kapitan Meyson da onların arasında idi. Amma bu böyük faciə prezident Avraam Linkonlun aprelin 14-də güllələnməsinin və ertəsi gün ölməsinin kölgəsində qaldı.

“Sultana” qəzası XIX əsrin ən ölümcül gəmiçilik fəlakəti olmaqla yanaşı, indiyə qədər çay nəqliyyatında ən böyük qəza sayılır. O, həmçinin dinc dövrdə baş vermiş üçüncü ölümcül gəmiçilik qəzasıdır, “Donya Pas” (1987-ci il) və “Yoola” (2002-ci il) faciələrindən sonra.

Chosen
71
vaxt.az

1Sources