EN

"ABŞ Azərbaycandan yana olacaq"- bu bir soyuq geosiyasi hesablamadır...

Image

ABŞ prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağı həm Vaşinqton, həm də region ölkələri üçün xüsusi maraq doğurur. Burada bir məsələni xatırladaq ki, Trampın inauqurasiyasına bir həftə qalmış Ermənistan və ABŞ Strateji Tərəfdaşlıq Komissiyasının Nizamnaməsini imzalayıblar. 

Ermənistanın Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin prezidenti Tiqran Qriqoryan qeyd edir ki, yeni administrasiyanın bu sənədə əvvəlki kimi həvəs göstərməməsi ehtimalı var. 

Vaşinqtonda yerləşən Xəzər Siyasəti Mərkəzinin aparıcı eksperti Erik Rudenskjold qeyd edir ki,   Donald Tramp Xəzər regionu üçün yad deyil və ilk prezidentliyi dövründə Mərkəzi Asiyaya xüsusi diqqət yetirib. Xəzərdə artan regional əməkdaşlığı şərh edən ekspert qeyd edib ki, dənizə çıxışı olmayan Mərkəzi Asiya öz infrastruktur məhdudiyyətlərini aradan qaldırmağa başlayıb və Azərbaycan və Gürcüstan vasitəsilə Qərbə gedən sürətlə genişlənən və inkişaf edən ticarət dəhlizinin bir hissəsinə çevrilib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin vitse-prezidenti Daniel Rand regionun mineral ehtiyatlarının əhəmiyyətinə diqqət edir.   O, həmçinin Orta Dəhlizin mühüm alternativ ticarət marşrutu kimi artan əhəmiyyətini və Azərbaycanın əsas tranzit məntəqəsi kimi rolunu qeyd edib. Onun fikrincə, ABŞ regionda mövcudluğunu gücləndirməli və region ölkələrinə beynəlxalq münasibətləri balanslaşdırmağa kömək etməlidir. “Stratfor” Amerika kəşfiyyat və analitik mərkəzinin analitiki Metyu Orr “Güc faktoru” proqramında daha maraqlı nüanslara diqqət edib: “Yaxın Şərqdəki vəziyyət Cənubi Qafqaza çox güclü təsir edir, çünki Rusiya, Türkiyə və İranın Cənubi Qafqazdakı imkanları və resursları dərhal müəyyənləşir”. Onun sözlərinə görə, əgər İsraillə İran arasında toqquşma olarsa, bu, İranın regionda Azərbaycana qarşı çəkindirici rol oynamasına təsir edəcək. Metyu Orrun fikrincə, Rusiya Cənubi Qafqaz regionunda vəziyyət gərginləşəcəyi təqdirdə müdaxilə etməyəcək. O əlavə edib ki, Türkiyə Suriyada böyük öhdəliklər götürüb və çox uzun müddət Suriyaya ciddi şəkildə diqqət yetirəcək və bu, Türkiyənin hələlik Cənubi Qafqazda böyük eskalasiya istəməməsinin lehinə arqument ola bilər. Ekspert deyib ki, bir tərəfdən Avrasiya marşrutlarının inkişafı Çinə qismən kömək edir: “Lakin digər tərəfdən hesab edirəm ki, Tramp Cənubi Qafqazda regional dəhlizlərin, o cümlədən Transxəzər dəhlizinin inkişafının tərəfdarı olacaq, çünki bu, Qərb məhsulları üçün marşrutdur. Bu, region ölkələrinin bölgədə balanslaşdırma ilə məşğul olması, Rusiya, Çin və İrandan tam asılı olmaması üçün ciddi fürsətdir.

Bundan əlavə, məqsəd Türkiyənin bu bölgədə və bu marşrutlarda mövqeyinin güclü olmasını təmin etməkdir”. O bildirib ki, Amerikanın yeni administrasiyası əvvəlki administrasiyanın etdiklərinə şübhə ilə yanaşır, ona görə də Tramp komandası bu yaxınlarda Ermənistan və ABŞ arasında imzalanmış sənəddən Amerikanın özü üçün geosiyasi faydaları yenidən nəzərdən keçirəcək: “Yeni administrasiya İrana qarşı daha sərt davranır, Türkiyə və Azərbaycanı regionda İranı cilovlaya bilən ölkələr kimi görür. Ona görə də onlar üçün Azərbaycanla yaxşı münasibətlər saxlamaq çox vacibdir. Eyni zamanda, ABŞ Ermənistanla normal münasibətləri davam etdirəcək. Paşinyan əlaqələri gücləndirmək və əvvəlki administrasiya dövründə bağlanmış sənədin müddəalarının qorunub saxlanmasını təmin etmək məqsədi ilə Vaşinqtona gəlib. Bu münasibətlər qorunacaq. Lakin buna baxmayaraq, ABŞ birtərəfli və qərəzli şəkildə Azərbaycandan yana olacaq, bu, soyuq geosiyasi hesablamadır”. O, Tramp administrasiyasının əvvəlki administrasiyadan daha çox Cənubi Qafqaza diqqət yetirəcəyinə əmin deyil: “ABŞ və Ermənistan arasında bağlanmış strateji saziş Azərbaycanın hərbi eskalasiyası halında ABŞ-ın güclü müdaxiləsini nəzərdə tutmur. Eyni zamanda Trampın nə edəcəyini dəqiq deyə bilmərik. Ermənistan və Azərbaycan məsələsində də komandadaxili sərt mübarizə olacaq”.

Bütün bunlardan ən çox narahatlıq duyan tərəf isə Ermənistandır.  Aydındır ki, ABŞ İrana artan təzyiq və Rusiyanı cilovlamaq çərçivəsində həm Azərbaycan, həm də Ermənistanla işləməyə çalışacaq. ABŞ-ın Tehrana təzyiqi çərçivəsində vəzifələri nəzərə alan Vaşinqton Bakı ilə İrəvan arasında uzunmüddətli eskalasiya olmadan Cənubi Qafqazda vəziyyətin sakit olmasından faydalanır. Bu fonda Bakı-Vaşinqton münasibətlərinin perspektivlərindən danışsaq, ABŞ Azərbaycanla münasibətlərdə “buzları əritməyə” nail olmaq üçün bir sıra addımlar ata bilər. Elə ermənistanı ad qorxudan budur. Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri bu fonda heç nəyi dəyişmədi. Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə görüşünün əhəmiyyətsizliyi də ermənilər tərəfindən xüsusi vurğulanır. Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bununla bağlı bildirir: “ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin həyatında bəlkə də ən əhəmiyyətsiz hadisələrdən biri baş verib. Uzun və müxtəlif xahişlərdən sonra Vens Nikol Paşinyanla 7-8 dəqiqəlik nəzakətli görüş keçirdi. Görüşə o qədər əhəmiyyət verilməyib ki, sosial mediada aktiv olan ABŞ vitse-prezidentinin ofisi bu barədə məlumat yaymayıb. Təbii ki, bu müddət ərzində ciddi bir şey müzakirə olunmadı. Dövlət başçısını qəbul etmək üçün lazımi protokol olmadan, tələsik görüşdə mühüm məsələləri müzakirə etmək necə mümkün ola bilərdi? Nikola foto komandasını aldatmaq və ya sakitləşdirmək üçün lazım idi.

Nikol Paşinyanın ABŞ-a səfərinin Ermənistan üçün lazımsız xərclərdən başqa heç bir nəticəsi yoxdur”. 

Samirə SƏFƏROVA





Chosen
54
50
baki-xeber.com

10Sources