İranın Ermənistandakı səfiri Mehdi Sobhani Zəngəzir dəhlizi bağlı mətbuata açıqlama verib. Onun açıqlamasında daha bir neçə detala diqqət çəkək.
“Azərbaycan və Rusiya dairələri israrla vəziyyəti gərginləşdirməyə çalışaraq, guya İranın Ermənistanla ABŞ arasında strateji razılaşmadan narazı olduğunu bildiriblər”. Səfir vurğulayıb ki, İran sənəddə problem görmür: “Ermənistan hakimiyyəti bizə açıq şəkildə bildirdi ki, ABŞ və Ermənistan arasında bu yaxınlarda imzalanmış sənəd İran-Ermənistan münasibətlərinə qarşı yönəlməyib və İran-Ermənistan münasibətlərinə və İranın maraqlarına xələl gətirəcək heç bir addım atmayacaqlarını vurğulayıblar”.
Digər mühüm məsələ Avropa İttifaqının Ermənistandakı mülki monitorinq missiyasının (EUMA) uzadılması ilə bağlı idi. Sobhani vurğulayıb ki, bu, hərbi missiya deyil və Ermənistan bunu sabitliyin qorunması mexanizmi kimi təqdim edib: “Biz Ermənistanın xarici siyasətinin şaxələndirilməsi məsələsinə hörmətlə yanaşırıq”.
Azərbaycan hərbi yola əl atsa, İranın hərəkətləri ilə bağlı suala cavab olaraq səfir belə bir addımın heç bir izahı ola bilməyəcəyini vurğulayıb və əlavə edib: “Ermənistanın müdafiə gücü və özünü müdafiə etmək imkanı var”.
Rusiya ilə İran arasında mümkün fikir ayrılıqlarından danışan səfir vurğulayıb: “Biz ölkəmizin təhlükəsizliyi məsələsində qətiyyətliyik, zarafat etmirik, “Zəngəzur dəhlizi” deyilən məsələni heç kimlə, heç bir ölkə ilə müzakirə etməyəcəyik”.
Sobhaninin nəzərinə:
1.“Zəngəzur dəhlizi” deyilən məsələni heç kimlə, heç bir ölkə ilə müzakirə etməyəcəyik”.
Bu məsələni Azərbaycan ancaq Ermənistan ilə müzakirə edir və nəqliyyat xəttinin gələcəyi Bakı və İrəvan arasındakı dialoqdan asılıdır. Zəngəzur xətti İran ərazisindən keçmədiyindən İranla müzakirənin heç bir hüquqi əsası yoxdur.
2. “ABŞ və Aİ ilə Ermənistan arasında münasibətlərlə bağlı İranda narahatlıq yoxdur”.
Lap yaxşı. Amma, Azərbaycanda var. Belə olan təqdirdə bu məsələdə Ermənistanın yanında yer almaq Azərbaycanın qarşısında olmaq deyilmi? İran və ABŞ, İran və Fransa Ermənistanla bağlı eyni mövqeyi bölüşdüklərinə görə özünü islam respublikası adlandıran siyasi elita Zəngəzura müsəlman azərbaycanlıların dinc yolla qayıdışına qarşı çıxır. Lakin, Azərbaycan Respublikasının öz milli maraqları var və heç kim İrəvan - Bakı arasındakı dialoqa müdaxilə etməməlidir.
Mövzusunun davamı olaraq.
Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında mümkün yaxınlaşma birilərini narahat edir.
Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da imzası olan Üçtərəfli Bəyanatın müvafiq bəndində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb. Mövzu ilə bağlı Rusiya - ABŞ, İran - Azərbaycan mövqelərində uzlaşmanın olmaması fonunda Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam etməkdədir. Ötən həftə N. Paşinyanın yol ilə bağlı mövqeyini bu dəfə bir qədər fərqli şəkildə ifadə etməsi və Azərbaycan tərəfinin bu kommunikasiya xəttinin açılacağına dair əmin mövqeyi Tehranı yenidən hərəkətə keçirtdi. Bu dəfə də aydın olan məqam odur ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane olan və narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İranda müxtəlif bəyanatlarda və tez-tez verilən açıqlamalarda özünü büruzə verir.
Ötən həftə Azərbaycan və İran nümayəndələri arasında baş tutan görüşdən sonra Bakı və Tehran arasında ziddiyyətlərin yumşalacağına ümidlərin edildiyi bir vaxtda, bu gün rəsmi Tehranın İrəvandakı səfiri növbəti dəfə Zəngəzur haqda danışıb. O deyib: “İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, geosiyasi dəyişikliklərə və regional problemlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır. İran Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Yalan xəbərlər, təhdidlər və şübhəli videolar yaratmaq iki ölkə arasında möhkəm münasibətləri poza və ya aramızda fikir ayrılıqlarına və şübhələrə səbəb ola bilməz”.
İran tərəfi açıqlamaları ilə ilk növbədə Ermənistanın ərazi bütövlüyünə işarə edir, Ermənistanla sərhədinin bağlana biləcəyini bildirir və bu baxımdan Zəngəzur dəhlizini təhlükə hesab edir. Halbuki Üçtərəfli Bəyanatda sərhədlərin dəyişdirilməsi və ya Ermənistan ərazisinə hər hansı iddia nəzərdə tutulmur. Qərbi Zəngəzur rayonu tarixən Azərbaycan ərazisi olsa da, Bakı bu əraziyə Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirəcək, insanların və yüklərin daşınmasını asanlaşdıracaq tranzit zona kimi baxır.
Burada söhbət yalnız nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, İrana heç bir məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyü və təhlükəsizliyinə heç bir təhlükə yoxdur.
O ki qaldı, İran və Ermənistan sərhədinə, yuxarıda deyildiyi kimi bu sərhədin dəyişdirilməsindən söhbət getmir. Əslində isə, Tehranda narahatçılığın səbəbi bölgənin tarixi ilə bağlıdır. İranda yaxşı bilirlər ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan arasında heç vaxt üçüncü dövlət olmayıb və ermənilərin Ararat Respublikası dövründə belə Arazın şimalındakı bütün sərhədboyu ərazilərdə Azərbaycan Respublikası mövcud idi. Görünür tarixin əsl ədalət səhifəsinə qayıdacağından narahatdırlar.
Əgər məsələ bundadırsa, o zaman tələsməyə ehtiyac var. Ermənistan - ABŞ arasında “Strateji Tərəfdaşlıq haqqında sənəddə” və “Ermənistan - Aİ arasında Zəngəzurla bağlı dialoqa” əsasən bölgə faktiki olaraq Qərbin öhdəliyinə və kurasiyasına verilib. Əgər İranın Ermənistandakı səfirinin bəyanatlarına baxsaq, “onun regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə qarşıyıq” bəyanatı hansı məntiqi güdür? Məgər, regiona Qərbi gətirən Ermənistan deyil mi? Əgər bu fonda, İran Azərbaycanın narahatlığına qulaqardına vuraraq nə qədər paradoksal səslənsə də, Parisin, Makronların yanında yer alacaqsa, deməli gələcəkdə rəsmi Bakının regionla bağlı görəcəyi “tədbirlər” fonunda açıqlama belə verməyə haqqı olmayan dövlətlər siyahısına aid ediləcək. Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir. Bu yolun açılmaması fonunda Ermənistanın hücum xarakterli silahları və müəyyən ölkələrin hərbçilərinin şərti sərhədlərimizə doldurulmasına imkan verməyəcək.
Əgər Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlasın. Əgər etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq.
Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də, çoxları Azərbaycana “status-kvo hələ uzun müddət qalmalıdır” kimi çağırışlar edirdilər. Azərbaycan öz bildiyini etdi və nəticə göz qabağındadır. Zəngəzur mövzusunda da Azərbaycan bu xəttin açılacağına əmindir. Ya reallığı qəbul etməlidirlər, ya da seyrçi olmalıdırlar. Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək.