Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ABŞ-nin Aİ-yə qarşı ədalətsiz və ya özbaşına gömrük rüsumları tətbiq edəcəyi təqdirdə sərt reaksiya verəcəyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Leyen komissiya üzvlərinin Aİ-də sədrliyin qəbulu ilə əlaqədar Polşaya səfəri çərçivəsində keçirilən mətbuat konfransında çıxış edib.
ABŞ administrasiyasının Aİ-yə yeni tariflər tətbiq etməyə hazırlığı ilə bağlı Leyen, "ABŞ ilə geniş əlaqələrimiz var. Ümumi ticarət həcmimiz 1,5 trilyon avro ətrafındadır" deyib.
Sədr ticarətin Atlantik okeanının hər iki tərəfindəki insanlar və müəssisələr üçün çox faydalı olduğuna diqqət çəkərək, Aİ və ABŞ iqtisadiyyatlarının iç-içə olduğunu bildirib.
Müəssisələrin daha yaxından işləməsi lazım olduğunu bildirən Leyen, "Tariflər, iş xərclərini artıraraq, işçilərə və istehlakçılara zərər verərək, lazımsız iqtisadi pozulmalara səbəb olur" deyib.
O, gömrük rüsumlarının tətbiqinin hər iki tərəfə ciddi xərclər gətirəcəyini vurğulayıb.
Leyen ortaq həll yolu üçün tərəflərin gündəmindəki məsələləri masaya qoymasının vacib olduğunu söyləyərək, "Aİ təbii ki, buna hazırdır. Aİ ədalətsiz və ya özbaşına hədəf alınarsa, sərt cavab verəcək" deyib:
"Biz hər zaman iş görmək üçün açığıq. Biz Aİ ilə ABŞ arasında əməkdaşlığı artırmalı olduğumuzu düşünürük, lakin biz öz prinsiplərimizdə də çox qərarlıyıq".
Qeyd edək ki, seçki kampaniyası dövründə vəzifəyə başlayan kimi Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiq edəcəyi ilə bağlı verdiyi açıqlamanı həyata keçirən Donald Tramp, imzaladığı sərəncamlarla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə gömrük rüsumu tətbiq edib.