Şahmat üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatında ¼ final mərhələsinin ikinci oyunları keçirilib.
Referans.az xəbər verir ki, bu gün keçirilən görüşlərdən sonra yarımfinala vəsiqə qazanan ilk 3 idmançının adı bəlli olub.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov yenidən qələbə qazanaraq ilk yarımfinalçı olub. İlk partiyada heç-heçə edən Misrətdin İsgəndərov son ölkə çempionu Aydın Süleymanlıya qalib gələrək yarımfinala vəsiqə qazanıb. Vüqar Əsədli - Teymur Rəcəbov və Rauf Məmmədov - Əhməd Əhmədzadə görüşlərində iki partiyadan sonra bərabərlik qeydə alındığından qalib tay-breykdə məlum olacaq.
Qadınların yarışında bir yarımfinalçı rəsmiləşib. Avropa çempionu Ülviyyə Fətəliyeva hər iki görüşdə Zeynəb Məmmədyarovadan üstün olmaqla yarımfinala adlayıb. Gövhər Beydullayeva ilk partiyada uduzduğu Türkan Məmmədyarovadan məğlubiyyətin əvəzini çıxıb. Günay Məmmədzadə - Səbinə İbrahimova, Gülnar Məmmədova - Xanım Balacayeva görüşləri yenidən heç-heçə başa çatıb. Bu cütlərdə yarımfinala vəsiqənin sahibi tay-breykdə məlum olacaq.
Reqlamentə əsasən, turun hər bir matçı 2 klassik partiyadan (ağ-qara) və burada qeydə alına biləcək bərabərlik halında tay-breyklərdən ibarət olur.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min manat, qadınlarda isə 30 min manat təşkil edir.