Şri-Lankada meymun elektrik stansiyasına daxil olaraq təsadüfən bütün ölkə ərazisində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Milli.Az report-a istinadən xəbər verir ki, energetika naziri Kumar Cayakodinin sözlərinə görə, heyvan Kolombonun ətrafında şəbəkə transformatoruna ziyan vurub. Bunun nəticəsində Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 10:00) kəsilib.
"Meymun şəbəkə transformatorumuza ilişib və bu, sistemdə fasilələrə səbəb olub. Hadisə Kolombonun cənubundakı ətraf ərazidə baş verib. İşlər aparılır, bəzi ərazilərdə elektrik təchizatı bərpa edilib", - nazir vurğulayıb.
Energetika naziri ölkədə elektrik təchizatının tam bərpası müddətini açıqlaya bilməyib. "Mühəndislər elektrik təchizatını mümkün qədər tez bərpa etməyə çalışırlar", - Cayakodi əlavə edib.
2022-ci ildəki iqtisadi böhran zamanı Şri-Lanka uzunmüddətli elektrik enerjisi çatışmazlığı ilə üzləşmişdi. Yanacaq çatışmazlığı elektrik stansiyalarını 13 saata qədər davam edən gündəlik kəsintilər tətbiq etməyə məcbur etmişdi.
Milli.Az