EN

Rusiya XİN: "Avrasiya İttifaqı ilə Aİ-yə eyni anda üzv olmaq mümkün deyil" – ÖZƏL

Ermənistanın Avropa İttifaqına (Aİ) yaxınlaşması ilə bağlı Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. 

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə bildirib ki, Ermənistanın eyni anda həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına üzv olması mümkün deyil. Onun sözlərinə görə, bu iki təşkilat tənzimləmə sistemləri, gömrük standartları, texniki, sanitar və fitosanitar qaydalar, malların markalanması və etiketlənməsi baxımından tamamilə fərqlidir və bir-biri ilə uyğun gəlmir.

Qaluzin vurğulayıb ki, Ermənistanla Aİ arasında müxtəlif yaxınlaşma layihələri, o cümlədən vizasız rejim məsələsi ilə bağlı danışıqların başlandığını Rusiya diqqətlə izləyir. O qeyd edib ki, Avropa İttifaqı Ermənistanla vizasız rejimə dair konkret vədlər vermədən və ciddi qərarlar qəbul etmədən belə İrəvandan siyasi sədaqət və anti-Rusiya sanksiyalarına riayət etməsini tələb edir.

Rusiya rəsmisi bildirib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ölkəyə uzunmüddətli iqtisadi faydalar gətirir. O Ermənistanın ticarət dövriyyəsi ilə bağlı son rəsmi statistik məlumatları xatırladaraq qeyd edib ki, ölkənin Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 13 milyard dollar təşkil edir və ötən il 53% artıb. Halbuki, Ermənistanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi cəmi 2 milyard dolları keçib və 24% azalıb.

Qaluzin hesab edir ki, Ermənistanın Aİ-yə üzvlüyə keçid etməsi ölkənin ümumi daxili məhsuluna ciddi mənfi təsir göstərəcək, biznes və iqtisadiyyata ağır zərbələr vuracaq, eləcə də əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacaq.

O bəzi erməni siyasətçilərinin cəmiyyətdə Aİ-yə qoşulmaq istəyinin yüksək olması barədə fikirlər səsləndirdiyini xatırladaraq bildirib ki, Avrasiya inteqrasiyasını dəstəkləyən Ermənistan vətəndaşlarının fikirləri də nəzərə alınmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
olaylar.az

1Sources