EN

Paşinyan Putinin səbrini daşırdı – Ermənistan belə cəzalandırılacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlük üçün yaşıl işıq yandırıb. Baş nazir məsələ ilə bağlı ona edilən bütün xəbərdarlıqları gözardı edib. Bu addım Ermənistanın siyasi kursunda mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir.

Hakim fraksiyada böyük bir qrup sözügedən layihənin təxirə salınması üçün mübarizə apardığı bir məqamda Paşinyan "Avroreferendum" adlı qanun layihəsini fevralın 11-də başlayacaq parlamentin növbəti sessiyasının gündəliyinə salıb. Bu qanun layihəsi çərçivəsində Ermənistanın Aİ-yə üzvlük məsələsi xalqın rəyinə təqdim olunacaq. Müxalifət və bəzi hakim fraksiya üzvləri isə bu qərarın ölkənin geosiyasi və iqtisadi sabitliyinə zərər vuracağını bildirir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Ermənistanın Aİ-yə üzvlük ərizəsi layihəsinin qəbulundan sonra ölkə ciddi iqtisadi problemlərlə üzləşəcək. Xüsusilə, bu addımdan sonra Rusiyanın Ermənistana qarşı sərt tədbirlər görəcəyi ehtimal olunur. Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxarılması məsələsini gündəmə gətirə bilər. Bundan başqa, Rusiya Ermənistanla olan ticarət əlaqələrini zəiflədə, enerji resurslarının qiymətini artıra və müxtəlif iqtisadi sanksiyalar tətbiq edə bilər.

Paşinyanın bu qərarı Ermənistanı tədricən Qərbə yaxınlaşdırsa da, ölkənin iqtisadi dayanıqlılığına mənfi təsir göstərəcək Ermənistan iqtisadiyyatının böyük hissəsi Rusiya bazarına bağlıdır və Rusiya ilə ticarət əlaqələrinin zəifləməsi ölkədə işsizliyin artmasına və inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Kremlin gözlənilən reaksiyasından sonra Ermənistanın iqtisadi baxımdan dəstək göstərə biləcək alternativ bir dövlətə malik olmaması Paşinyan hakimiyyətini və erməni xalqını çıxılmaz vəziyyətə düçar edəcək.  

Bununla yanaşı, Qərb ölkələrinin, xüsusilə Avropa İttifaqı və ABŞ-ın Ermənistana siyasi və iqtisadi dəstək verə biləcəyi də istisna edilmir. Lakin bu dəstəyin nə qədər təsirli olacağı və Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsi fonunda yaranacaq itkiləri kompensasiya edib-etməyəcəyi hələ də sual altındadır.

Siyasətçilər və analitiklər hesab edir ki, Ermənistan hökuməti bu addımı atmazdan əvvəl bütün riskləri ciddi şəkildə nəzərdən keçirməli, mümkün alternativləri qiymətləndirməli və xalqın sosial-iqtisadi rifahını qorumaq üçün lazımi tədbirlər görməlidir. Ermənistanın gələcək siyasi və iqtisadi taleyi, məhz bu qərarın həyata keçirilmə tərzindən və onun nəticələrindən asılı olacaq.

Aytac Şahin

 


Telegram kanalımız
Chosen
31
1
yenisabah.az

2Sources