EN

BDU-nun əcnəbi tələbəsi: Komor Adaları İttifaqının Azərbaycandakı ilk səfiri olmaq istəyirəm

Bakı, 10 fevral, AZƏRTAC

Oussamaben Mohamed Ali Bakı Dövlət Universitetinin (BDU) Komor Adaları İttifaqından olan əcnəbi tələbəsidir. Bakalavriat təhsilini öz ölkəsində alıb. Səudiyyə Ərəbistanında ərəb dili kurslarında təhsil alarkən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı barədə məlumat əldə edib. Bundan sonra Azərbaycanda təhsil almağa qərar verib. Oussamaben hazırda BDU-nun hazırlıq qruplarında təhsil alır. Növbəti addım olaraq isə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistr təhsili almaq niyyətindədir.

- Oussamaben, necə oldu ki, BDU-da təhsil almaq qərarı verdin?

- Öz ölkəmdə bakalavriat təhsilimi tamamladıqdan sonra Səudiyyə Ərəbistanında ərəb dili kurslarında iştirak etdim. Həmin vaxtlarda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı haqqında məlumat aldım. Azərbaycan universitetləri ilə bağlı araşdırma edərkən BDU-nun reytinq sıralamalarında yüksək yerlərdə olduğunu gördüm. Ona görə də qərara aldım ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə magistr təhsilimi məhz burada alım. BDU-da təhsil almaq həyatımda yeni bir mərhələdir və bunun böyük imkanlar açacağına inanıram. BDU Azərbaycanın ən qədim və nüfuzlu universitetlərindən biridir. Bu, həm tələbələr, həm də müəllimlər üçün zəngin bir təhsil mühiti yaradır. Bununla yanaşı, Azərbaycan dilini daha yaxşı öyrənməliyəm. Dil baryerini aşmaq üçün çox çalışıram. Gələcəkdə diplomat kimi fəaliyyət göstərmək istəyirəm. Yaxşı ünsiyyət qurmaq bu sahədə müvəffəqiyyətli olmağım üçün çox vacibdir.

- Ölkəmiz, buradakı mədəni müxtəliflik sənə necə təsir bağışladı?

- Mədəni müxtəliflik mənim üçün yeni bir təcrübədir. Bu, həm ölkə, həm də insanlar haqqında daha çox şey öyrənməyimə kömək edir. Başlanğıcda yeni bir ölkəyə, fərqli bir mədəniyyətə uyğunlaşmaq müəyyən vaxt apardı. Lakin universitetdə çox ünsiyyətcil, mehriban insanlar tapdım, dostlar qazandım. Bu insanlar mənə Azərbaycana uyğunlaşma prosesində çox kömək etdilər.

- Sosial həyatın necədir?

- İlk dəfə Bakıya gəldiyimdə hava çox soyuq idi. Komor adaları tropik iqlimə malik olduğundan soyuq noyabr ayına uyğunlaşmaqda çətinlik çəkdim. Azərbaycan mətbəxi ilə tanışlıq da çox maraqlı oldu. Burada yeməklər mənə çox fərqli gəldi. Amma zamanla iqlimi də, Azərbaycan yeməklərinin zəngin dadlarını da çox bəyəndim. Xüsusilə Azərbaycan mətbəxinin milli plovunu çox sevirəm, amma düşünürəm ki, dadı daha acı olsa, mükəmməl olardı. Artıq burada sosial həyatım daha rəngarəngdir. Universitetdəki müxtəlif tədbirlər, müzakirələr çox maraqlı və faydalıdır. Mənim üçün bu, ən böyük üstünlükdür.

- Hazırlıq qruplarında dərslərin necə gedir?

- Hazırlıq qrupunda müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan tələbələrlə bir yerdə təhsil alıram. Bu, yalnız akademik bilikləri artırmır, müxtəlif mədəniyyətlərin, düşüncə tərzlərinin və həyat fəlsəfələrinin inteqrasiyasına imkan yaradır. Fərqli mədəniyyətlərdən gələn insanlarla bir arada olmaq sosial bacarıqlarımı inkişaf etdirir, qarşılıqlı anlayışın və hörmətin artırılmasına, yeni dost münasibətlərinin qurulmasına dəstək olur.

- Bildiyimə görə, BDU-nun “Tələbə evi”ndə qalırsan. Oradakı şəraitdən razısanmı?

- “Tələbə evi”nin şəraiti çox əlverişlidir. Təhsil alarkən rahat yaşamaq digər fəaliyyətlərə daha çox fokuslanmağa imkan verir. Mətbəx, kitabxana, asudə vaxt üçün təklif olunan digər şəraitlər tələbələrə müxtəlif imkanlar yaradır. Adətən öz milli yeməklərimizi hazırlayıram. İstədiyimiz zaman dostlarla görüşə, asudə vaxtımızı məhsuldar keçirə bilərik. Burada özümü evdəki kimi rahat və təhlükəsiz hiss edirəm.

- Gələcək hədəflərin nələrdir?

- Ölkəm üçün faydalı mütəxəssis olmaq istəyirəm. Hədəfim ölkəmlə Azərbaycan arasında beynəlxalq əlaqələri inkişaf etdirməkdir. Komor Adaları İttifaqının Azərbaycandakı ilk səfiri olmaq istəyirəm.

Chosen
16
azertag.az

1Sources