EN

İdman zalındakı qətl tərs baxışa görə baş verib - Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT 

Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasov barəsindəki cinayət işi ilə bağlı son qərar verilib. Həmçinin, qətlin təfərrüatları məlum olub.

Hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

2002-ci il təvəllüdlü Əli Abbasov “Premium Gym” idman zalında məşq edərkən orada idmanla məşğul olan 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər.

Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasovun əməlinə daha ağır hüquqi qiymət verilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Qeyd edilən maddələrlə Əli Abbasov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı müəyyən edilib ki, mərhum öldürülən zaman onun 19 yaşlı qardaşı da yanında olub. Hadisə onun gözü qarşısında amansızlıqla törədilib.

Hadisənin baş verməsinə səbəb tərəflərin zalda məşq edən zaman bir-birlərinə tərs-tərs baxması olub. Onlar bir-birlərinə irad bildiriblər. İlk mübahisəni zalda olan şəxslər sakitləşdirib. Amma tərəflər bir neçə dəqiqə sonra yenidən mübahisə ediblər. Bu dəfə Əli üzərində olan bıçaqla Bəxtiyara iki zərbə endirib. Bəxtiyar aldığı xəsarətlərdən dünyasını dəyişib.

Əli Abbasov apellyasiya və kassasiya şikayətləri verərək cəzasının azaldılmasını istəyib. Səbəb olaraq göstərib ki, əməlində xuliqanlıq niyyəti olmayıb. O, hadisənin mərhumun qanunsuz hərəkətləri nəticəsində baş verdiyini deyib. Amma məhkəmə onun şikayətini təmin etməyib və 15 illik cəza qüvvədə saxlanılıb.//musavat.com


Chosen
6
1
referans.az

2Sources