Qadın voleybolçularda ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliyada növbəti uğurunu qazanıb. "Rekord.az" xəbər verir ki, "Osasko"nun formasını geyinən hücumçumuz Braziliya kubokunun qalibi olub. Təcrübəli voleybolçumuz bununla bağlı AVF-nin mətbuat xidmətinə açıqlama verib:
“Bu mənim bu il “Osasko” klubu ilə qazandığım ikinci kubokdur. Daha əvvəl Paulista kubokunu qazanmışdıq. İndi isə Brazilya kubokunun sahibi olduq. Finalda mənim keçmiş klubum olmuş “Sesi Bauru”ya 3:1 hesabı ilə qalib gəldik. Çox gərgin, çətin və maraqlı oyun oldu. Pley-off mərhələsində isə ötən mövsüm çempion olan “Minas” klubunu 3:2 hesabı ilə məğlub etmişik.
Komandaya ilk gəldiyim vaxtlarda əsas heyətdə oynamırdım. Amma pley-off və final oyunlarında artıq əsas heyətdə yer aldım. Çünki komandamızda bəzi oyunçuların oyunları istənilən kimi alınmırdı. Mən çox xoşbəxtəm ki, bu vacib oyunlarda gözəl oyun sərgiləyə bildim. Düşünürəm ki, oynamadığım müddətdə öz üzərimdə çox çalışırdım və elə buna görə də yaxşı formada idim. Dediyim kimi, final oyunumuz çətin oldu. Bütün komanda yoldaşlarımı təbrik edirəm. Hər biri əlindən gələnin ən yaxşısını etməyə çalışdı. Oyun zamanı oyunqurucumuz dizindən zədələndi və biz ikinci oyunqurucuyla davam etdik. Bu oyunçu bizimlə az oynamasına baxmayaraq, gözəl oyun göstərdi. Yenə də deyirəm, biz komanda olaraq yaxşı oynadıq, çox xoşbəxtəm, bir daha komandamı təbrik edirəm".
Rəhimova Azərbaycan çempionatı ilə bağlı fikirlərini də bölüşüb:
"Azərbaycan çempionatına, eləcə də digər ölkələrin çempionatlarına vaxt olduqca baxıram, nəticələri izləyirəm. Bu il Azərbaycan çempionatında çıxış edən klubları yaxından izləyirəm. Bu mövsüm legioner oyunçular da çoxdur. Bir çoxlarını tanıyıram, bundan əvvəl onlarla bir komandada oynamışam və ya rəqib kimi qarşılaşmışam. Fəxr edirəm ki, onlar Azərbaycanı seçiblər. Yaxşı haldır ki, bu gün Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi voleybolun inkişafı üçün bir sıra görür".
Hücumçumuz, həmçinin Azərbaycan millisi ilə bu mövsüm yarışlarda iştirak edib etməyəcəyinə də aydınlıq gətirib:
"Milli komandada iştirakıma gəlincə, bu gün bununla bağlı hələ ki, bir söz deyə bilmərəm. Hazırda klubun qarşıdakı oyunlarına köklənmişəm. Hər bir oyunçuya movsümü zədəsiz, problemsiz başa vurmağı arzulayıram. Burada yarışlar da gərgin keçir, yorğunluq olur. Çempionat bitdikdən sonra bir qədər istirahət etməyi planlayıram. Bundan sonra artıq baxıb qərar verəcəyəm.
Millimiz bu il Qızıl Avropa Liqasında, İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək. Düşünürəm ki, millimiz İslamiadada qalib mükafatçılar sırasına düşə, hətta qalib gələ bilər. Komandamız bunu bacaracaq gücdədir. Həmçinin Qızıl Avropa Liqasında da uğurlu çıxış edə bilərik”.